AZ / EN / RU
Bakı Ali Neft Məktəbi İndoneziya ilə əlaqələr qurur

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Prayono Atiyanto və bu ölkənin Energetika və mineral ehtiyatlar Nazirliyinin Neft-qaz məsələləri üzrə direktorluğunun rəhbəri cənab Viratmaca Puca Bakı Ali Neft Məktəbində (BANM) olublar.

 

BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları salamlayaraq, onları ölkənin ən gənc Ali Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Ramiz Hümbətov Ali Məktəbin yaranma tarixi, 4 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliyinin artırılması haqqında bəhs edib. O, Ali Məktəbin öz beynəlxalq əlaqələrinin genişləndirməsində maraqlı olduğunu və İndoneziyanın yanacaq-energetika kompleksinin müəssisələri və ali təhsil ocaqları ilə işgüzar əlaqələrinin qurulmasına hazır olduğunu bildirib.

 

İndoneziya Respublikasının Azərbaycandakı səfiri cənab Prayono Atiyanto görüşün təşkilinə görə Ali Məktəbin rəhbərliyinə təşəkkürünü bildirərək, BANM-in fəaliyyətini yüksək qiymətləndirib. Səfir SOCAR-ın rəhbərliyi ilə aparılan danışıqların nəticələri barədə danışıb və İndoneziyanın ali məktəbləri və müəssisələri ilə BANM-in əməkdaşlıq əlaqələrinin inkişafına hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

 

Energetika və mineral ehtiyatlar Nazirliyinin Neft-qaz məsələləri üzrə baş direktorluğunun rəhbəri cənab Viratmaca Puca Azərbaycanın nüfuzlu Ali Məktəbində olmasından məmnunluğunu ifadə edərək, müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirmək üçün ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının zəruri olduğunu vurğulayıb. O, həmçinin, oktyabr ayında Bakıda keçiriləcək İndoneziyanın nailiyyətlərinə həsr olunmuş sərgi haqqında məlumat verib.

 

Görüşdə, həmçinin BANM-in İndoneziyanın müvafiq müəssisələri və ali məktəbləri ilə əməkdaşlığının ayrı-ayrı məsələləri ətrafında müzakirə aparılıb.