AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin təqdimatları davam edir

          Bakı Ali Neft Məktəbi (BANM) haqqında abituriyentlərin məlumatlanmasını təmin etmək və onlarda mühəndislik sahəsinə marağı artırmaq, Ali Məktəbdə aparılan islahatlar və yeniliklərin ümumilikdə cəmiyyətə çatdırılması məqsədilə ənənəvi olaraq hər il aparılan təqdimatlar davam edir. Aksiya çərçivəsində orta məktəblərdə rəhbərlik və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirilir. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Nizami rayonunda yerləşən 272, 251, 62, 12 saylı məktəblərdə, Nərimanov rayonunda yerləşən 77 saylı “Ankara-məktəbi” məktəb-liseyində, Xətai rayonunda yerləşən 98 saylı, Xırdalan şəhərində yerləşən 1, 3 və 5 saylı məktəblərdə keçirilən görüşlərdə 11-ci sinif şagirdlərinə Ali Məktəblə bağlı təqdimatlar edib.   

 

          H.Sadıqlı audio-vizual təqdimatla çıxış edərək, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib.

 

           Sonra sözügedən məktəblərin məzunları olmuş hazırda BANM-də təhsil alan tələbələri Ali Məktəbin tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda və qazandıqları uğurun sirləri barədə danışıblar. Onlar həmçinin tələbə təşkilatları və klubları haqqında məlumat veriblər. Sonda şagirdlərin çoxsaylı sualları cavablandırılıb, onlara Ali Məktəbin bukletləri paylanılıb və xatirə fotoları çəkilib.