AZ / EN / RU
700 bal toplayan abituriyent: "Ən böyük arzum - Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olmaq idi"

Əsədzadə Mahirə Məhəbbət qızı 27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli məktəbdə, 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə alıb. Dərslərdə daim fəal olub, yüksək qiymətlər alıb və eyni zamanda məktəbdə keçirilən tədbirlərdə, tamaşalarda, olimpiadalarda iştirak edib.  Fərman, diplom və təsəkkürnamələrlə təltif olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Baki Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçəcək.

 

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Əlbəttə ki, bu nəticə çox çalışmağımın bəhrəsi idi. İlk öncə hədəf seçdim, daha sonra əmin addımlarla bu yolda irəlilədim. Düşünmürəm ki, bu ancaq şans işi olsun. 700 bal istedad, bilik, diqqət və şans tələb edir. Əgər bu hədəfi seçmisənsə, bunun üçün son 1-2 il oxumaq bəs etmir, məktəb vaxtı keçirilən dərslərdə bu elmin bünövrəsini qoymaq lazımdır.

 

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- İmtahan qabağı hər bir abituriyent kimi narahat idim. Deməzdim ki, həyəcanlı olmuşam. Narahatlığıma səbəb isə mənə zəhmət çəkən, elm öyrədən bütün müəllimlərimin və özümün çəkdiyi zəhmətin nəticəsinin necə olacağı, yəni məsuliyyət hissi idi. İmtahan sonrası isə artıq bu nəticəni gözləyirdim.

 

-  Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- BANM tələbələr üçün böyük şanslar vəd edir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verir. Tələbə üçün ən yaxşı seçim olacağını düşünürəm və ətrafımdakı yüksək bal toplayanların da seçimi bu təhsil ocağı olmuşdu.

 

-  Ən böyük arzun nədir?

- Abituriyent olarkən ən böyük arzum - BANM-ə yüksək balla daxil olmaq idi. Şükür ki, bu arzum gerçək oldu . İndi isə novbəti hədəfim universitet həyatının da belə uğurlu keçməsidir.

 

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- Bu uğurun gələcəyə atılmış ilk addım olacağına inanıram. Gələcəkdə özümü peşəkar mühəndis kimi görmək istəyirəm. Vətənim, xalqım üçün savadlı bir kadr kimi yetişmək istəyirəm.