AZ / EN / RU
700 bal toplayan abituriyent: "Bakı Ali Neft Məktəbinə daxil olmaq mənim ən xoşbəxt anımdır"

Vahab Fuad oğlu Cəbrayılov 2000-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olub. Orta təhsilini 2006-2017-ci illərdə Lahıc qəsəbə tam orta məktəbində alıb. Orta təhsil dövründə müxtəlif bilik yarışlarında, sosial tədbirlərdə fəal iştirak edib. 2015-ci ildə Riyaziyyat fənnindən Respublika Fənn Olimpiadalarında bürünc medal qazanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.

 

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Maksimum nəticə-700 bal toplamaq üçün mənim fikrimcə zəhmət əsas faktordur. Bu nəticəyə yalnız gərgin zəhmətlə  nail olmaq olar. Amma yüksək diqqət də öz rolun oynayır, imtahanda təqdim olunan hər bir suala eyni diqqətlə yanaşmaq lazımdır.

 

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- İmtahanın ilk 10-15 dəqiqəsi hər kəs kimi məndə də həyəcanlı keçdi. Amma sualları yazmağa başlayandan sonra insanda bir özünəinam yaranır. Məncə də imtahanın taleyini də elə bu həll edir. İmtahandan sonra cavablarımı DİM tərəfindən təqdim olunmuş düzgün cavablarla yoxladıqdan sonra artıq bu nəticəyə nail olduğum anlaşıldı və sonra rəsmi nəticələr də bunu təsdiqlədi.

 

-  Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Bakı Ali Neft Məktəbinə daxil olmaq mənim ən xoşbəxt anımdır. Azərbaycan təhsilində öz sözünü qısa bir müddətdə demiş Ali Məktəbinə inanırdım və imtahandan öncəki məqsədim də elə bu idi. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına gəldikdə isə kompüter və robot texnologiyalarına olan marağım səbəbindən son qərarım kimi bu ixtisas üzərində durdum. Gələcəkdə bu sahədə təkcə Azərbaycanda deyil, dünyada bu sahə üzrə peşəkar bir mütəxəssis kimi formalaşmağı və bu sahədə ölkəm adına bir ilkə imza atmağı qarşıma məqsəd qoymuşam.

 

-  Ən böyük arzun nədir?

- Ən böyük arzum təhsil alacağım sahədə vətənimi uğurlu bir elmi kəşflə dünya miqyasında tanıtmaqdır.

 

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- Özümü gələcəkdə dünyanın ən nüfuzlu elm ocağlarından birində vətənimin təmsilçisi kimi görməyi planlaşdırıram və buna nail olacağıma inanıram.