AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin dosenti Fəxri fərman ilə təltif edilib

          Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili və humanitar fənlər Mərkəzinin dosenti Kəmalə Mehdiyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində quruluşçu rejissor kimi BANM-in tələbələrinin iştirakı ilə ictimai xadim Mirzə Fətəli Axundzadənin komediyası əsasında “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasının səhnələşdirməklə verdiyi dəyərli töhfəyə görə BANM-in Fəxri fərmanı ilə təltif edilib.

 

          Qeyd edək ki, tamaşa Dövlət dram teatrının səhnəsində ikinci dəfə nümayiş olunub. Tamaşanın bədii rəhbəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

 

          Kəmalə Mehdiyeva 1990-cı ildə “Dram teatrı və kino aktyoru” ixtisası üzrə  M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Daha sonra, öz təhsilini “Səhnə danışığı” ixtisası üzrə Leninqrad Teatr Musiqi və Kinomatoqrafiya İnstitutu (indiki Sankt-Peterburq Dövlət Teatr Akademiyası) davam edib.

 

          “Müəllimlik peşəsini özüm seçmişəm. Əlbəttə ki, institutu qurtaranda aktrisa da ola bilərdim, amma müəllimlik peşəsini üstün tutdum. Ona görə ki, səhnə danışığı nəzəriyyəsi ilə məşğul olmaq istədim. İndiyə qədər də səhnə danışığı fənninin nəzəri tərəflərini araşdırıram. Bir sıra elmi-metodik göstərişlərin, dərs vəsaitlərinin müəllifiyəm. Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. “Aktyor yaradıcılığında ifadə vasitələri” mövzusunda dissertasiya müdafiə etmişəm. Bir neçə aktyorun yaradıcılığından bəhs edən dissertasiya işim monoqrafiya şəklində çap olunub”, - K.Mehdiyeva bildirdi. 

 

          O, BANM-in tələbələrinin çox istedadlı olduğlarını qeyd edərək, onlara dərs demək üçün böyük şərəf olduğunu vurğulayıb.