AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin məzunları - STAR-ın əməkdaşları: "Bakı Ali Neft Məktəbi bizim həyatımızda yeni bir səhifə açdı"

          Bakı Ali Neft Məktəbinin (BANM) 25 məzunu SOCAR-Türkiyə şirkətinin STAR Refinery müəssisəsində işləyəcək. Getməzdən öncə iş imkanı qazanan məzunların bir qismi ilə bu haqda danışdıq. Gənc mühəndislər BANM-in onlara verdiyi bilikdən və həyat təcrübəsindən bəhs etdilər. Fikirlər fərqli və maraqlı oldu. Sualımız isə belədir: “Bakı Ali Neft Məktəbi sizlərə nə verdi?”

 

 

            Aygül Kərimova:

           “Bakı Ali Neft Məktəbi mənim həyatımda yeni bir səhifə açdı. Mühəndis olmaq mənim uşaqlıq arzum idi. Bəlkə də bu ali məktəb olmasaydı mən indi tamamilə başqa, heç də həvəsli olmadığım bir sahəni seçərdim. Məhz BANM sayəsində bugün öz sevdiyim peşəyə yiyələnmişəm. BANM mənə təkcə öz ixtisasımı deyil həm də mübariz olmağı, öz ayaqlarımın üzərində durmağı və həyatda arzularla deyil məqsədlərlə yaşamağı öyrətdi. Məhz burada mən hər zaman yanımda olacaq və yanlarında olacağım dəyərli dostlar qazandım. Bu ali məktəbin ilk məzunları olduğum üçün özümü çox xoşbəxt hiss edirəm”.

 

 

                                                                                                     

                        Eldar Hüseynli:

                       “Tələbə olmağa hazırlaşanda mənə güclü təhsil verəcək bir ali məktəbdə təhsil almaq ən böyük arzum idi. Mən Bakı Ali Neft Məktəbini seçdim və arzularımı burada gerçəkləşdirdim. Hətta əminliklə deyə bilərəm ki, bu təhsil müəssisəsinin region üzrə analoqu yoxdur. Bakı Ali Neft Məktəbi məni özümə kəşf etdirdi və daxilimdəki potensialın şəxsi inkişafımda sərf olunması üçün münbit şərait yaratdı. Savadlı və qayğıkeş müəllim kontingenti hədəflərimizə çatmaqda əvəzsiz rol oynadılar. İdarə heyətinin diqqəti və qayğısı, təhsilə olan marağın daha da artırılması üçün verilən həvəsləndirici və dəyərli hədiyyələr, nəzəri biliklərimizin praktiki olaraq tətbiqi üçün təşkil olunan ödənişli istehsalat təcrübələri yalnız və yalnız Bakı Ali Neft Məktəbində mövcuddur. Xarici təhsil proqramı və təhsilin ingilis dilində olmağı bizi dünya standartlarına cavab verəcək bir mütəxəssis kimi yetişdirdi”.

 

 

                     Aynaz Mirzəzadə:

                    “BANM-də oxuduğum 5 il  mənim bir şəxsiyyət olaraq formalaşmağımda, hərgün inkişaf etməyimdə, savadım, dünyagörüşüm və milli dəyərlərə bağlılığımın artmasında əvəzolunmaz rol oynadı. Birinci kursda təşkil elədiyimiz Novruz bayramı, Musiqili Xəmsədə qızıl medalımız heç zaman yadımdan çıxmayacaq xatirələrdir. Və bir də, ən önəmlisi qazandığım möhkəm dostluqlardır ki, bunun üçün çox-çox minnətdaram. Asan olmayan bu yolda məni yönləndirən, dəstək olan hər bir şəxsə borcluyam. Azərbaycanın və gələcəkdə dünyanın ən yaxşı ali məktəblərindən olacaq BANM-in ilk məzunları sırasında olmaqdan qürur duyuram”.

 

 

                          Adil Babayev:

                      “Akademik təhsilimə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasında başladığımdan bəri, BANM-in mənə ixtisasım üzrə praktik-nəzəri biliklər qazandırması ilə yanaşı, düzgün dostluq münasibətləri qurmaqda və müxtəlif sosial fəaliyyətlərlə özümü daha da inkişaf etdirməkdə rolu çox böyük olmuşdur. Professor və müəllim heyəti hər zaman düzgün istiqamət verərək, dərs proqramında üzləşdiyim çətinlikləri həll etməkdə öz köməyini əsirgəməmişdir. Həmçinin, müxtəlif istiqamətlərdə təcrübələrinin olduğu qonaqların ali məktəbimizə təqdimatlar, səmimi söhbətlər aparmaq üçün dəvət olunması həm gələcək karyerama dair, həm də həyata dair fikirlərimin formalaşmağında faydalı olmuşdur”.