AZ / EN / RU
BANM-in tələbəsi FameLab yarışmasında 2-ci yeri tutub

Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Əli Əlikişiyev respublika üzrə keçirilən FameLab elmi kommunikasiya üzrə milli istedad yarışmasında 2-ci yer tutub. O, dənizlərdə və okeanlarda neft quyusunun qazılması zamanı ortaya çıxan problemlərin mümkün həlli yollarını nümayiş etdirib. Göstəriş böyük maraqla izlənilib və alqışlarla müşayiət olunub. Əli Əlikişiyevin bu yarışmada qazandığı uğurda “Kimya mühəndisliyi” kafedrasının müəllimi İlhamə Zərbəliyevanın böyük rolu olub.

Qeyd edək ki, Famelab beynəlxalq istedadların yarışmasıdır. İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.

Yarışmada 18-35 yaş arası olan, elm sahəsində, ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslər iştirak edir. Finalda birinci yerə layiq görülən layihə 2015-ci ilin iyun ayında Böyük Britaniyada keçiriləcək Çeltenham Elm Festivalında ölkəmizi təmsil etmək hüququnu qazanır.