AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin 18 məzunu "Azneft"də işlə təmin edildilər

          Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil almış 18 məzun SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) peşə fəaliyyətinə başlayırlar. Yeni işçilərin təqdimatı ilə əlaqədar olaraq “Azneft” İB-də tədbir keçirilib. Tədbirdə Socar-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak ediblər.

 

          SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov BANM-in ilk məzunlarını uğurlu karyeralarının başlanması münasibətilə təbrik edib onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayıb. “BANM-in məzunları böyük potensiala və imkanlara malikdir. Onlar savadlı, müstəsna, yeni biliklərə maraq göstərən, iddialı gənclərdi. Əminəm ki, “Azneft” İstehsalat Birliyinin rəhbərliyi və kollektivi bu potensialı inkişaf etdirərək bugünkü gənc mühəndisləri gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi yetişdirəcəkdir”, - Y.Lətifov dedi.

 

           SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov şirkətin qarşıdakı illərdə həyata keçirəcəyi layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu vurğulayıb. O, SOCAR-ın gələcək layihələrində yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu bildirərək, BANM-in məzunlarına göstərilən etimadı doğruldacaqlarından əminliyini ifadə etdi.

 

           Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azneft” İB-də çalışan 18 məzunu təbrik edərək onlara biliklərini daim artırmağı, özlərini inkişaf etdirməyi tövsiyə etdi. “Mən fəxr edirəm ki, Ali Məktəbimizin əksər məzunları universiteti bitirərkən dərhal işlə təmin olunublar. Bu da onların nə qədər intellektual və təcrübəli olduqlarını sübut edir. Sizin nailiyyətləriniz BANM-in gələcək məzunları üçün geniş karyera imkanları yaradır”, - E.Qasımov dedi. Rektor həmçinin hazırkı tələbələrin gələcəkdə potensial, perspektiv vəd edən kadrlar hesab etdiyini bildirdi.

 

            Elmar Qasımov qeyd etdi ki, BANM-in ilk məzunların sirasında 30 nəfər PETKİM və STAR zavodlarında işə qəbul olunublar. 7 nəfər isə BP şirkətində çalışır. Digər məzunlar da  transmilli şirkətlərdə - Maire Technimont Group, Halliburton və digər şirkətlərdə işlə təmin olunublar.

 

           “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov öz çıxışında bildirib ki, Bakı Ali Neft Məktəbi çox böyük nüfuza malik olan ali təhsil müəssisələrindən biridir. “Ali Məktəbin tələbələri rəhbərlik etdiyim şirkətdə təcrübə keçərkən özlərini fəal və aktiv göstəriblər. Bizim üçün çox sevindirici haldır ki, BANM-in ilk məzunları məhz “Azneft” İstehsalat Birliyində çalışacaqlar,”- D.İskəndərov dedi.  O, mühəndis peşəsində təcrübənin çox böyük önəm daşıdığını bildirdi. D.İskəndərov məzunların öyrəndikləri nəzəriyyəni tətbiq etmək üçün təcrübədən düzgün istifadə edərək biliklərini daha da inkişaf etdirəcəklərinə əminliyini ifadə etdi.

 

            Daha sonra “Azneft” İB-nin Kadrlar şöbəsinin rəisi Pərviz Əhmədov və Neft və qaz yataqlarının işlənməsi şöbəsinin mühəndisi Fərid Abadlı neft sənayesi, istehsalat, gənc kadrların hədəflərindən və gənclərin “Azneft” İB-dəki rolundan bəhs etdilər.

 

             Hal hazırda İstehsalat Birliyində çalışan BANM-in məzunlardan Aytəkin Qasımova və Roman Rəhimli SOCAR-ın rəhbərliyinə, “Azneft” İB-nə, Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq duyğularını çatdıraraq, BANM-nin məzunları adını hər zaman fəxrlə tanıdacaqlarını qeyd etdi.

 

              Sonra “Azneft” İB-nin gənc mühəndislərinə İstehsalat Birliyinin vəsiqələri təqdim olunub.