AZ / EN / RU
Bakı Mühəndislik Universitetinin birincisi Bakı Ali Neft Məktəbini seçdi

          Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) ilk magistrları adına 17 nəfər layiq görülüb. Onların 14 nəfəri Ali Məktəbin məzunları, 3-ü isə Bakı Mühəndislik Universitetini bitiriblər. Magistratura səviyyəsinə qəbul olunan 6 tələbə “Neft-qaz mühəndisliyi”, 11 tələbə isə “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alır.

 

          Ötən tədris ilində Bakı Mühəndislik Universitetinin “Kimya mühəndisliyi” ixtisasının birincisi - ortalama 98,58 balla bitirən Aytən Məmmədli də BANM-in ilk magistrları sırasındadır. Aytən Məmmədli orta təhsilini Bakı şəhəri 254 saylı tam orta məktəbində almışdır. O, bu ixtisasın bakalavr pilləsinə də yüksək balla daxil olmuşdur. 2012-ci ildə 669 balla tələbə adını qazanan Aytən Məmmədli Bakı Mühəndislik Universitetini fərqlənmə diplomu ilə bitirən ilk məzunlardandır. Onun növbəti təhsil pilləsində tək hədəfi BANM olmuşdur. Dövlət İmtahan Məkəzinin magistratura pilləsinə keçirdiyi qəbul imtahanlarında ilk turda topladığı balla ölkə 2-cisi olan Aytən Məmmədli ümumilikdə 127 balla Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına qəbul olub. Onun BANM haqda ilk təəssüratları da olduqca maraqlıdır: “Bakı Ali Neft Məktəbində artıq 2 həftədir ki, təhsil alıram və ilk başlarda elə düşünürdüm ki, başqa bir universitetdən gələn bir tələbə olaraq buraya uyğunlaşmaq mənim üçün çətin olacaq. Lakin başda rektor Elmar Qasımov olmaqla işçi və müəllim heyətinin mehriban və səmimi münasibəti sayəsində artıq buranı da doğma universitetim olaraq görürəm. Burada hər kəs çalışır ki, tələbələr üçün təhsil şəraiti həm rahat, həm də yüksək səviyyədə təşkil olunsun. Xüsusilə bizimlə yaxından maraqlanır və fikirlərimizi daim öyrənirlər. Universitetin 5 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq burada qısa zamanda əldə edilən nəticələr fikrimcə çəkilən əməyin birbaşa göstəricisidir. Magistratura təhsili sahəsində də yeni olmasına baxmayaraq, əminəm ki, Bakı Ali Neft Məktəbi yenə də yeni uğurlara imza atacaqdır.“