AZ / EN / RU
BANM-in "Kompüter və İKT" kafedrasının müəllimi, Süleyman Süleymanzadə ilə müsahibə

"Kompüter və İKT" kafedrasının müəllimi, Süleyman Süleymanzadə

"Dövlətimiz gənclər üçün imkanlar və hər cür şərait yaradır"

Bakı Ali Neft Məktəbinin (BANM) Kompüter və İKT kafedrasının müəllimi Süleyman Süleymanzadə 1986-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakının 200 nömrəli məktəbində alıb. 2002-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında yüksək bal toplayaraq Milli Aviasiya Akademiyasının “Mühəndis sistemotexnik” ixtisasına qəbul olub. Akademiyada təhsil aldığı zaman proqramlaşdırma üzrə olimpiadada iştirak edib və birinci yeri tutub. 2007-ci ildə Azərbaycandakı ali təhsilini fərqlənmə diplomu ilə başa vurub və həmin il hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra Almaniyanın Dresden Texniki Universitetinin “Kompüter mühəndisliyi” ixtisasının magistratura pilləsinə qəbul olub. 2014-cü ildən BANM-in Kompüter və İKT kafedrasında müəllim vəzifəsində çalışır.

1. Almaniyada məhz "Kompüter mühəndisliyi"  ixtisası üzrə təhsil almağa və müəllim olmaq fikrinə necə gəldiniz?

- Kompüter mühəndisi olmaq mənim uşaqlıq arzum idi. Azərbaycandakı təhsilimi başa vurub Almaniyada bu ixtisas üzrə təhsil aldım. Xaricdə əldə etdiyim kompüter üzrə biliklərimi bizim gənc nəsillə paylaşmaq məqsədilə Bakıya qayıtdım və müəllim olmaq arzusuyla bu peşəni seçdim. Öz məqsədimi BANM-də reallaşdırdım.

2. Xaricdəki təhsilin Azərbaycandakı təhsldən nə cür fərqləri var? Üstün və mənfi cəhətləri?

- Əsas fərq ondan ibarətdir ki, xaricdəki təhsil sistemində tələbə öz ixtisasına və istəyinə uyğun keçəcəyi fənləri seçir. Tələbənin dərs oxumağa münasibəti isə tam fərqlidir. Müəllim onları oxumağa məcbur etmir, özləri öz üzərində işləməyi vacib sayırlar. Əgər müəllim tələbələrə hər hansı bir layihə işləməyi və yaxud tədqiqat aparmağı tapşırırsa, tələbələr bütün tapşırıqları müəllimin köməyi olmadan özləri yerinə yetirirlər. Kitabxanadan, internetdən və müxtəlif resurslardan lazımı materialları toplayıb, tapşırılan işi həll edirlər. Heç bir tələbə müəllimə demir ki “biz bunu keçməmişik”. Xaricdəki müəllimlər tələbələrə deyirlər : “Nəyi keçməmisiniz - özünüz oxuyun”. Bu xaricdəki təhsilin həm müsbət, həm də mənfi cəhətidir. Mənfi tərəfi ondadır ki, xaricdə müəllim və tələbə arasında interaktivlik zəif olur. Xaricdə oxumağın müsbət cəhətlərindən biri də odur ki, müxtəlif ölkələrdən gələn tələbələrin sayı çox olur və bu da müxtəlif millətli tələbələr arasında münasibətlər yaradır. Tələbələrin dünyagöruşləri, dil bilikləri və ünsiyyətləri genişlənir. Onu da qeyd edim ki, Azərbaycanda gənclərə verilən imkanlar heç də xaricdə yaradılan imkanlardan geri qalmır. Dövlətimiz gənclərin innovativ və kreativ bacarıqlarını üzə çıxarmaq və müvafiq fəaliyyət sahələrində həmin bacarıqları tətbiq etmələri üçün imkanlar və hər cür şərait yaradır. Məsələn, gənclərin cəmiyyətimizdə aparıcı və mühüm rollardan birini tutmaq üçün günü-gündən inkişaf edən dövlətimiz, onlara çox unikal imkanlar yaradır: bütün istiqamətlərdə fərqli layihələr, teleradio proqramları, yarışlar və digər yeniliklər həyata keçirir. Hətta xaricdə oxuyan gənclər də bu layihələrə qoşulur və bəzi təcrübə imkanlarını yalnız bizim ölkədə ala bilərlər. Xaricdə isə belə təcrübə qazanmaq çox çətindir.

3. İlk işinizə harda başlamısız?

- İlk işimə Almaniyada başlamışam. Orada elektron bilet satış sisteminin təchizatı və işləmə prinsipinin quraşdırılması ilə məşğul olmuşam.

4. Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamanız necə oldu ? Bakı Ali Neft Məktəbinin Kompüter və İKT kafedrasının müəllimi olaraq üzərinizə hansı öhdəliklər düşür və işinizin öhdəsindən necə gəlirsiniz?

- Bakı Ali Neft Məktəbi haqqında çox müsbət fikirlər eşidirdim. Buradakı təhsilin ingilis dilində olduğunu və fənlərin xarici proqramlar üzrə tədris edildiyini bilirdim. Düşündüm ki, mən Almaniyada kompüter mühəndisliyi üzrə əldə etdiyim biliklərimi məhz bu Ali Məktəbin tələbələri ilə bölüşməliyəm. Özüm haqqında məlumatları Ali Məktəbə göndərdikdən sonra, rektor Elmar Qasımov məni Ali Məktəbə dəvət etdi və Elmi Şura qarşısında “Dependable systems”(Asılı sistemlər) mövzusunda təqdimatla çıxış etdim. Daha sonra Kompüter və İKT kafedrasına müəllim təyin olundum. Bu kafedranın müəllimi olaraq üzərimə düşən öhdəliklər çoxdur. Mənim işim, həmçinin elmi tədqiqatlar aparmaq və yeni elmi məqalələr yazmaqdır.

5. Gənc müəllim olmağın hansı çətinlikləri və üstünlükləri var? Müəllim olmaq sizin üçün nə deməkdir?

- Müəllim, ilk növbədə məsuliyyətli şəxs olmalıdır və düşünməlidir ki, onun tələbələri ölkənin gələcəyidir. Mənim fikrimcə, müəllim olmaq - gələcək cəmiyyəti qurmaq və yetişdirmək deməkdir. Tələbələrlə yaxşı münasibət qurmaq üçün müəllim dərslərini maraqlı və interaktiv şəkildə keçməlidir.

6. Bir gənc olaraq, ali təhsil ocağında gənclərlə və professor-müəllim heyəti ilə işləməyin sizin üçün məsuliyyəti nədən ibarətdir? Bir savadlı gənc üçün müasir gənclərlə və alimlərlə işləmək nə dərəcədə asan və çətindir?

- Məncə məsuliyyət barəsində ayrı-seçkilik eləmək düzgün deyil. Məsuliyyətli şəxs hər yerdə və hər peşədə məsuliyyətli olmalıdır. Onu deyə bilərəm ki, alimlərlə və müasir gənclərlə işləmək mənim üçün çox məsuliyyətli, dəyərli və maraqlıdır.