AZ / EN / RU
BANM-də semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

Bakı Ali Neft Məktəbində (BANM) yay imtahan sessiyası davam edir.

"Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələr üçün Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alaraq eyni saatda keçirilir. Bu elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

BANM Azərbaycanda yeganə ali məktəbdir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir. Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının 2-ci və 3-cü kurs tələbələri sessiya ərzində “Emal sənayeləri”, "Emal mühəndisliyi", "Kimyəvi reaktivlik", "Mühəndislər və alimlər üçün riyaziyyat 2", Mühəndislər və alimlər üçün riyaziyyat 4, "Mühəndis¬liyin əsasları", Neft mühəndisliyinə giriş" və "Mexanika mühəndisliyi elmi 2"  fənlərindən yazılı imtahanlar verəcəklər.

Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilmiş 5 nəfərdən ibarət müəllim heyəti - Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, MTE fakültəsinin Akademik keyfiyyət üzrə direktoru Cilian Tomson, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakultənin BANM-lə layihələr üzrə administratoru Ayren Foks, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel orada tərtib olunmuş imtahan sualları əsasında imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər. Tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.

Qeyd edək ki, BANM-də 2014/2015-ci tədris ilinin yay imtahan sessiyasının təşkili ilə bağlı Ali Məktəbin rektoru Elmar Qasımov müvafiq əmr imzalayıb. İmtahanlar mayın 22-ə qədər davam edəcək.