AZ / EN / RU
Bakı Ali Neft Məktəbi Dövlət Bayrağı Gününü qeyd etdi

       Bakı Ali Neft Məktəbində (BANM) Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak edib. Görüşü öz çıxışı ilə açan Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov tədbir iştirakçılarına ölkədə qeyd edilən bu günün – 9 noyabrın önəmliliyindən danışıb və  dövlət bayrağının  Azərbaycan dövlətinin suverenliyinin rəmzi olduğunu bildirib. Daha sonra Ali Məktəbin  İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev dövlət bayrağının tarixindən və bugünki nüfuzundan danışıb.

 

      Daha sonra BANM-in tələbələri bu mövzuda öz prezentasiyalarını təqdim ediblər. Məmmədli Cavid və Məcidov Cavid tədbir iştirakçılarına bayraq anlayışından, dünya bayraqlarından, onların statistikası, rəngləri, oxşar və fərqli cəhətlərindən danışıb. Tağızadə Nəriman və Fərid Həmidov tarixi Azərbaycan bayraqlarından, Nağızadə Səkinə və Kərimli Reyhan isə Azərbaycan Xalq Cümhuriyyəti bayrağı haqqında məlumatları və  Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında Azərbaycan Respublikasının qanununu iştirakçıların diqqətinə çatdırıblar.

 

      Dövlət Bayrağı Gününə həsr edilmiş digər addım isə Bakı Ali Neft Məktəbinin binasının müstəqilliyimizin rəmzi olan üçrəngli bayraqlarla bəzədilməsi oldu.