AZ / EN / RU
BANM-ın rektoru Elmar Qasımovun 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

Əziz xanımlar,

Sizi, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram.

Bu ilki qadınlar bayramı şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi ilə eyni dövrə təsadüf edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan qadını şərqdə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında da yaxından rol oynamağa başlamışlar.

Əsrlər boyu formalaşmış milli dəyərlərimizin layiqincə qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində, övladlarımızın vətəninə və torpağına bağlı, əsl vətənpərvər Azərbaycanlı kimi yetişmələrində gözəl ana kimi Siz qadınların misilsiz rolu danılmazdır. Ayrıca, bugün Azərbaycanın təhsil həyatında özünəməxsusluğu və yüksək reytinqi ilə seçilən Bakı Ali Neft Məktəbində ən yüksək balla oxumaq hüququ qazanmış parlaq gənclərimizin yetişdirilməsində əvəzolunmaz xidmətlərinə görə analarımıza xüsusi təşəkkür etməyi özümə borc bilirəm.

Müqəddəs müəllimlik peşəsinə sahib olan xanım müəllimlərimiz, mühəndislik kimi mürəkkəb ixtisasları seçmiş dəyərli xanım tələbələrimiz və fədakar xanım əməkdaşlarımızın timsalında bütün xanımlarımızı Bakı Ali Neft Məktəbi ailəsi adından bir daha ürəkdən təbrik edir, doğma Azərbaycanımızın tərəqqisi naminə Sizlərə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Bayramınız Mübarək!

Ən xoş arzularla,

Elmar Qasımov

Bakı Ali Neft Məktəbinin rektoru