AZ / EN / RU
BANM-ın İntellektual Oyunlar Klubu təltif olundu

         Bakı Ali Neft Məktəbinin (BANM) 2013-cü ildən bəri fəaliyyət göstərən BANM İntellektual Oyunlar Klubu 2017-2018-ci illərdə göstərdiyi fəaliyyətə görə “Azərbaycan” İntellektual Oyunlar Klubu tərəfindən “Mövsümün klubu” adına layiq görülərək təltif olunub. Qeyd edək ki, klub bu mükafatı  Neftçilər gününə həsr olunmuş “Black Oil, Bright Minds 2”, 18 oktyabr Müstəqillik gününə həsr olunmuş “Libertatem” turniri, hazırlıq kursunun tələbələri arasında ənənəvi yarış olan “Fourth Foundation Championship” turniri və sinxron liqanın yüksək səviyyədə təşkil olması kimi fəaliyyətlərinə görə əldə edib.

 

          Əsas məqsədi universitetdaxili tələbə həyatına töhfə vermək, tələbələrin asudə vaxtlarının səmərəli və əyləncəli keçirməsinə şərait yaratmaq olan klubun əsas fəaliyyəti üzvü olduğu “Azərbaycan” İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunan Nə? Harada? Nə zaman? adlı sinxron liqanın təşkili, universitetdaxili “Xəmsə” MİO, “Breyn Rinq” və s. kimi intellektual oyunlar keçirməkdən ibarətdir.

 

       “Biz hər il yeni qəbul olmuş tələbələrə info sessiyalar, rayonlara intellektual səfərlər təşkil edirik. Təşkil olunan yarışlarımızda ən az 100-150 nəfər tələbə iştirak edir. Bu yaxında klubumuz həmçinin tamamilə tələbələr tərəfindən hazırlanan “BANM İOK APP” adlı Android tətbiqetməsini istifadəyə verdi. Bu proqram vasitəsilə gənclər artıq olduqları yerdən asılı olmayaraq suallara cavab verib yarışlarda iştirak edə və bir-birlərilə yarışa bilirlər. Proqram artıq öz test prosesini uğurla başa vurub və komandamız hazırda digər fərqli layihələr üzərində çalışırlar.” – deyə klubun sədri, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan üçüncü kurs tələbəsi  Əsəd Əsədli bildirib.