AZ / EN / RU
NASA-da işləmiş azərbaycanlı yenidən Bakı Ali Neft Məktəbində

       Bakı Ali Neft Məktəbində (BANM) NASA-da çalışmış məşhur azərbaycanlı gənc alim Teymur Sadıxovun tələbələrlə görüşü baş tutdu.

 

        Azərbaycanlı gənc alim Teymur Sadıxov tələbələri salamlayaraq 2-ci dəfə Bakı Ali Neft Məktəbində qonaq olmasından məmnunluğunu ifadə etdi. Görüş seminar xarakterli olub. Süni İntellekt tərəfindən idarə olunan avtomobillər, Kontrollerlər və Süni İntellekt mövzusunda interaktiv şəkildə keçirilən seminarda tələbələr Teymur Sadıxovun NASA Hərbi tətqiqat laboratoriyası, Mercedez Benz və digər şirkətlərdəki karyerası və iş prinsipi haqqında məlumat almışdır.

 

        Qeyd edək ki, Teymur Sadıxov Şimali Amerika Mercedes-Benz Tədqiqat və İnkişaf şirkətində (Kaliforniya) intellektli nəqliyyat vasitələri üzrə baş mühəndis olaraq pilotsuz avtomobillər (özügedən avtomobillər) ilə bağlı idarəetmə, proqramlaşdırma və qərar vermə fəaliyyətlərini icra edir. T.Sadıxov Bakıda anadan olub. Bakalavr dərəcəsini 2008-ci ildə İstanbul Texniki Universitetində aviasiya mühəndisliyi üzrə almış, universitetin tarixində 4.0 ortalama balla universiteti bitirən yeganə tələbə olmuşdur. Bakalavr təhsilini aldığı müddətdə bir sıra mükafatlara layiq görülmüşdür ( BP, İstanbul Texniki Universiteti Fondu, Nippon Fondu və Azərbaycan-Türkiyə dövlət təqaüdü) 2010-cü ildə T.Sadıxov Kaliforniya Universitetində Mühəndislik Elmləri (Mexanika mühəndisliyi istiqamətində) üzrə magistr dərəcəsini almışdır. Bu universitetdə Teymur Sadıxov Pauel təqaüdü ilə təhsil alıb. 2015-ci ildə Corciya Texnologiya İnstitutunda riyaziyyat üzrə magistr və aviakosmik mühəndisliyi üzrə PhD dərəcələrinə yiyələnmişdir. Onun Ph.D. işi ABŞ Hava Qüvvələrinin Elmi-Tədqiqat İdarəsi və NASA Drayden Aviasiya Elmi-Tədqiqat Mərkəzi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin yay aylarında Birləşmiş Texnologiyalar Tədqiqat Mərkəzinin Avtomatik və İntellektual Robototexnika Laboratoriyasında avtomatik helikopterlərdə trayektoriyanın proqramlaşdırılması sahəsində dəvətli tədqiqatçı olaraq çalışıb. 2014-2015-ci illərdə NASA Reaktiv Laboratoriyasında (Kaliforniya) Robot Sistemlərinin Qiymətləndirilməsi və İdarəedilməsi üzrə qrupda tədqiqatçı olaraq avtomatik yer nəqliyyat vasitələrinin lokallaşdırılması və çox istiqamətli hərəkət trayektoriyasının proqramlaşdırılması üzərində çalışıb. Dr. Sadıxovun elmi-tədqiqat maraqlarına robotika, proqnozlaşdırma modelləri əsasında idarəetmə, hərəkətin proqramlaşdırılması, qeyri-xətti idarəetmə və qiymətləndirmə və çoxkomponentli sistemlərin idarəedilməsi daxildir. Dr. Sadıxov bir çox seminar və konfranslarda məruzəçi kimi çıxış etmiş və bir sıra şirkətlər üçün konsaltinq xidmətləri göstərmişdir.