AZ / EN / RU
Yunanıstanın Qərbi Attika Universiteti ilə BANM arasında əməkdaşlıq davam edir

           Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov  Yunanıstanın Qərbi Attika Universitetinin nümayəndələri ilə görüşüb. Görüşdə Qərbi Attika Universitetinin dosenti və Erasmus+ proqramının universitet üzrə koordinatoru Konstantinos Stefanos Nikas, Beynəlxalq Əlaqələr şöbəsinin Erasmus+ proqramı üzrə əməkdaşı Fani Papoutsi və Ali Məktəbin proqram meneceri Nərgiz Tarverdiyeva iştirak ediblər.

          BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəbin fəaliyyəti və uğurları haqqında məlumat verib. Daha sonra rektor Erasmus+ proqramının xəttilə Yunanıstanda təhsil almış tələbələrdən söz açıb.

            Görüşdə BANM və Qərbi attika Universitetinin Erasmus+ proqramı çərçivəsində əməkdaşlığı, akademik tələbə və işçi mübadiləsi, keçmiş mübadilə proqramının nəticələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

           Görüş zamanı Qərbi Attika universitetinin əməkdaşları BANM-in tələbələrindən olduqca məmnun olduqlarını bildirib və oların akademik göstəricilərinin, bilik və bacarıqlarının, intellektual səviyyələrinin çox yüksək olduğun qeyd ediblər. Universitetin professor Konstantinos Stefanos Nikas    qeyd  edib ki, Qərbi Attika Universiteti BANM ilə əməkdaşlığı davam etdirməkdə olduqca maraqlıdır.

          Görüşdə iki universitet arasında tələbə və işçi mübadiləsinin davam edəcəyi, BANM və Qərbi Attika Universitetinin müxtəlif sahələrdə əməkdaşlığının davam etdirəcəyi barədə tərəflər arasında razılığa gəlinib.