AZ / EN / RU
BANM-da Elmi Şuranın tədris ilinin yekun iclası keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Elmi Şuranın 2017/2018-ci tədris ilinin yekun iclası keçirilib. İclasda Şuranın sədri və üzvləri iştirak ediblər.

 

İclası açan Bakı Ali Neft Məktəbinin rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, 2018-ci ilin BANM üçün uğurlu keçdiyini, önəmli tədbirlərlə yaddaqalan olduğunu bildirib. Rektor qeyd edib ki, cari ilin aprel ayında BANM-ın təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya” Forumu keçirildi, bundan başqa Ali Məktəb bu il də ötən illər olduğu kimi BANM qəbul imtahanlarında qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə ölkə üzrə bütün ali məktəblər arasında birinci yeri tutdu. Elmar Qasımov son bir ildə Ali Məktəbin 3 əməkdaşının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” Medalı ilə, 5 əməkdaşın SOCAR-ın Fəxri Fərmanı ilə, 14 nəfərin Ali Məktəbin Fəxri Fərmanı ilə, 6 nəfər xanım əməkdaşın isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəxri Fərmanı ilə təltif edildiyini vurğulayıb.

 

Tədbirdə Ali Məktəbin kitabxana müdiri Tatyana Zayseva Bakı Ali Neft Məktəbində kitabxananın fəaliyyətinin təşkili və təkmilləşdirilməsində göstərdiyi yüksək əmək göstəricilərinə  və peşəkar əmək fəaliyyətinə görə rektor Elmar Qasımov tərəfdən Ali Məktəbin Fəxri Fərmanı və plaket ilə təltif edilib.

 

Daha sonra çıxış edən  Ümumi işlər üzrə prorektor Rəşad Həsənov Ali Məktəbdə təlim-tədris prosesi və tələbələrin imtahan nəticələri haqqında danışıb.

 

Ömürboyu təhsil fakültəsinin dekanı, prof. Rəna Mustafayeva 2018/2019-cu tədris ilinin magistratura pilləsinə qəbulu və gələcəkdə BANM-ın elmi-tədqiqat işlərinin təşkili haqqında məruzə edib.

 

Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov 2017/2018-ci tədris ilinin yekunları haqqında, Ali Məktəbin proqram meneceri Nərgiz Tarverdiyeva isə  BANM-ın Erasmus+ Proqramında iştirakı haqqında məruzə edib.

 

Məruzələr bitdikdən sonra Elmi Şurada gündəlikdə olan digər məsələlərin müzakirəsi başlayıb. Şura üzvləri arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Elmi Şuranın sədri, rektor Elmar Qasımov şura üzvləri olan BANM-ın bu ilki iki məzunu- Emilya Məmmədova və Şəmsi Musayevə bir il ərzində Şurada göstərdikləri aktiv fəaliyyətə görə təşəkkür edib.

 

İclasda həmçinin Ali Məktəbin professor və müəllimlərinin nüfuzlu elmi jurnallarda dərc olunan məqalələri haqda danışılıb və Ali Məktəbin bu istiqamətdə fəaliyyətinin daha da gücləndiriləcəyi qeyd olunub.