AZ / EN / RU
"Bakı Ali Neft Məktəbilə tanışlıqdan sonra xaricə getməkdən imtina etdim"

Qəbul imtahanlarında 700 bal toplamış ­­­­­­­­­­­­­­­­­İlqar ­Məmmədovun müsahibəsi

İlqar, özünüz haqda bir az danışın.

Mən 2001-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk təhsilimə 160 nömrəli Klassik gimnaziyada başlamışam. 5-ci sinifdən isə təhsilimi İlyas Əfəndiyev adına Elitar gimnaziyada davam etdirmişəm.  Sonda buranı qırmızı attestatla bitirmişəm.

Niyə I qrupa üstünlük vermisiz?

Dəqiq fənləri daha çox sevdiyimə görə I qrupa üstünlük verdim.

Ən çox hansı fənni və nə üçün sevmisiz?

Daha çox riyaziyyatı sevmişəm, mənə riyaziyyata olan həvəs isə ailədən gəlib.

Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiz?

Qəbul imtahanında göstərdiyim uğura görə valideynlərimə, bütün müəllimlərimə, direktor Sevda xanıma və bir də ibtidai sinif müəlliməm Lalə müəlliməyə öz təşəkkürümü bildirirəm.

Ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

Azərbaycandakı ali təhsil müəssisələri arasında tədris səviyyəsi, laboratoriya imkanları və bir çox başqa xüsusiyyətləri ilə fərqləndiyi üçün təhsilimi BANM-da davam etdirmək istəyirəm. Həm də bu universitet ingilis dilli kadrlar, mühəndislər hazırlayır. Ümumiyyətlə, BANM və onun fəaliyyətilə tanış olduqdan sonra mən xaricə gedib orada təhsil almaqdan imtina etdim.

BANM-da hansı ixtisası seçdiz?

Mən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcəm.

Niyə məhz BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil almağa qərar verdiz?

Məncə gələcəyi daha parlaq olan ixtisas “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasıdır. Həm də ölkəmizdə ən çox ehtiyac duyulan və müasir ixtisasdır.

Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

Boş vaxtlarımda dostlarımla görüşməyi və gəzməyi xoşlayıram. Həmçinin idmanla da məşğul oluram.

BANM-ı bitirdikdən sonra planlarınız nədir?

BANM-ı bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm.

Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

İnsanın uğur əldə etməsi üçün çalışqanlıq və yaxınlarının dəstəyi çox vacibdir. Uğura gedən yolda səbrli olmaq, özünü motivasiya etmək və kiçik uğursuzluqlara aldanıb yolundan dönməmək lazımdır.

Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

Mən bütün abituriyentlərə çox çalışmağı, uğur qazanacağına inanmağı məsləhət görürəm və hamısına uğurlar arzulayıram.