AZ / EN / RU
Rektor Elmar Qasımov 1-ci kurs tələbələrilə görüşdü

       Bakı Ali Neft Məktəbinə (BANM) yeni qəbul olmuş 1-ci kurs tələbələrilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin müxtəlif şöbələrinin məsul əməkdaşları və yeni qəbul olmuş tələbələr iştirak ediblər.

 

       Rektor Elmar Qasımov bu il Ali Məktəbə daxil olmuş “Foundation” tələbələrini “BANM-ın tələbəsi” adını qazanmaqları münasibətilə təbrik edib. Tələbələrin hər birilə yaxından tanış olan rektor onlara Ali Məktəbin uğurları, göstəriciləri və məzunları haqqında, eyni zamanda təlim-tədris prosesi haqqında məlumat verib.

 

     Görüş zamanı Ali Məktəbin Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva tələbələrə “Foundation” ilinin tədris proqramı – İnformasiya-kommunikasiya texnologiyaları və İngilis dili, tələbələrin riayət etməli olacaqları daxili intizam qaydaları, imtahan qaydaları və s. haqqında məlumat verib.

 

      Daha sonra Tələbələrlə iş şöbəsinin əməkdaşı Ləman Hüseynova gənclərə BANM-ın tələbələrinin daxili intizam qaydaları haqqında prezentasiya təqdim edib. Ali Məktəbin kitabxana müdiri Səbinə Əlimərdanova Ali Məktəbin kitabxanasından istifadə, tələbələr üçün yaradılmış müxtəlif məlumat bazaları, kitablar və s. haqda danışıb. BANM-ın daha bir əməkdaşı Murad Quliyev isə tələbələrə davamiyyət, biometrik qeydiyyat haqda məlumat verib və yaxın günlərdə hər bir tələbələyə Ali Məktəb tərəfindən işgüzar email açılaraq təqdim olunacağını bildirib.

 

       BANM-ın 2018-ci il məzunu və SOCAR Foster Wheeler şirkətinə Proses mühəndisi olaraq qəbul olunan Günay İsmiyeva da yeni tələbələr üçün təşkil olunan görüşdə iştirak edib, Ali Məktəb haqqında öz səmimi fikirlərini onlarla paylaşıb. O “Foundation” tələbələrinə gənclərin dünyagörüşünü artırmaq məqsədilə BANM-da təşkil olunan opera və teatr səfərlərindən, şirkət rəhbərlərilə təşkil olunan görüş və seminarlardan, BANM tələbəsini digər universitet tələbələrindən fərqləndirən xüsusiyyətlərdən, eləcə də Ali Məktəbdə keyfiyyətli tədris nəticəsində əldə edilən nəticələrdən danışıb. Ali Məktəbə yeni qədəm qoyan 1-ci kurslar üçün böyük motivasiya olan  bu çıxışdan sonra tələbələr məzun Günay İsmiyevaya onları maraqlandıran suallar ünvanlayıblar.

   

     Görüşün sonunda hər tələbəyə “Tələbələr üçün əl kitabı” təqdim edilib.