AZ / EN / RU
BANM-ın əməkdaşları beynəlxalq İFAC konfransinda iştirak ediblər

       Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması kafedrasının (PAM) əməkdaşları Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfransında (TECIS 2018) iştirak ediblər.

 

      38 ildən sonra yenidən Bakıda keçirilən İFAC konfransı “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.  

 

       “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və konfransın təşkilat komitəsinin sədri, texnika üzrə fəlsəfə doktoru Bahadur İbrahimov konfransda IFAC-ın TECIS texniki komitəsinin 35 illik yubileyini qeyd edib və IFAC-ın Bakıda ilk toplantısının 1980-ci ilin aprelində ümummilli lider Heydər Əliyevin dəstəyi ilə keçirildiyini bildirib.

 

      Konfransa dəstək göstərən partnyorlar arasında Bakı Ali Neft Məktəbinin də adı var. Belə ki, Ali Məktəbin PAM kafedrasının müdiri Manafəddin Namazov və baş müəllim, “Hər şeydə internet” laboratoriyasının rəhbəri Abbas Əlili konfransın təşkil edilməsində yaxından iştirak edərək onun baş tutması üçün xüsusi əmək sərf ediblər.

 

      49 ölkənin avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatlarını özündə birləşdirən IFAC  konfransında həmçinin PAM kafedrasının professoru Salih Muhammad Manar, dosentləri Nailə Allahverdiyeva və Leyla Muradxanlı iştirak ediblər.

 

       Konfransda alimlərin iştirakı ilə “Ürək fəaliyyətində dəyişikliklərin spektral səs izləmə texnologiyaları”, “İkimərhələli biotexnoloji proseslərin modelləşdirilməsi və ekstremal tədqiqat idarəetməsi”, “Biotibbi texnologiyalar sistemi”, “Mürəkkəb idarəetmə texnologiyaları və ağıllı qərarqəbuledici sistemlər”, “Dayanıqlı dizayn və texnoloji idarəetmə”, “Beynəlxalq şirkətlərin sənayesində internet təhlükəsizliyi”, “Avtomatik işıq detektorlu və hesabat verən robotlar”, “Özünü bərpa və dərk edən robotlar” və digər mövzularda müzakirələr aparılıb, təqdimatlar keçirilib.

 

       Konfrans çərçivəsində Bibiheybət Neft-Qazçıxarma İdarəsinə, Sumqayıt Texnologiyalar Parkın səfər edib, burada tətbiq edilən idarəetmə sistemləri üzrə əhəmiyyətli elmi nailiyyətlərlə tanış olublar.

 

       Qeyd edək ki, konfransda iştirak üçün 370-dən çox alimin həmmüəllifi olduğu 200 məqalə toplanılıb. Bu məqalələrin əksəriyyəti robotika, avtomatlaşdırma, humanoid robotlar, mexatronika və s. kimi müasir dövr üçün önəmli sayılan sahələri əhatə edir. Həmmüəlliflər 30-dan çox ölkəni, o cümlədən Azərbaycan, Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Macarıstan, İtaliya, Fransa, İrlandiya, İngiltərə və digər dövlətləri təmsil edirlər. Azərbaycanlı alimlər konfransa 50-yə yaxın məqalə göndəriblər.