AZ / EN / RU
2-ci Tələbə Elmi-Texniki Konfrans

Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş, 3 bölmədən ("Neft-qaz və kimya mühəndisliyi", "Fizika və riyaziyyat", "İnformasiya və kommunikasiya texnologiyaları") ibarət 2-ci tələbə elmi-texniki konfransı keçirilmişdir.

Konfransın plenar iclasını açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin 2-ci tələbə elmi-texniki konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd etmişdir. O, Bakı Ali Neft Məktəbində cəmi 2 il ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də ali məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirmişdir. Rektor qeyd etmişdir ki, BANM-in tələbələri artıq digər ali məktəblərdə keçirilən elmi konfranslarla yanaşı, xarici ölkələrdə təşkil olunan elmi konfranslarda da həvəslə iştirak edirlər.

Tədbirdə iştirak edən ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və təhsil problemlərini daim diqqətdə saxladığını, xüsusən gənclərin təhsili və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı xüsusi proqramların həyata keçirilməsi haqqında çox vacib qərarlar verməsi nəticəsində son illərdə bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğunu, bir neçə müasir tipli ali təhsil müəssisəsinin yaradıldığını, Azərbaycanın dünyanın elm və təhsil məkanına inteqrasiya yolunda inamlı addımlar atıldığını vurğulamış, gəncləri onlar üçün ölkədə yaradılmış imkanlardan maksimal dərəcədə faydalanmağa çağırmışdır.

AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Neft-kimya prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov və AMEA-nın Geologiya İnstitunun "Neft-qaz hasilatı texnologiyası" şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Zöhhak Abbasov tələbələri konfransın keçirilməsi münasibətilə təbrik etmiş, onların təhsillərinin ilk illərindən elmə göstərdikləri marağı yüksək qiymətləndirmiş, elmi dərindən mənimsəmələrini təqdirəlayiq hesab etmiş və konfransın işinə uğurlar arzulamışlar.

2-ci tələbə elmi-texniki konfransının Təşkilat Komitəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin Ali təhsildən sonrakı təhsil şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva konfransın təşkili haqqında qonaqlara ətraflı məlumat vermiş və gələcəkdə Azərbaycan elminin inkişafında böyük rol oynayacaq bu gənclərə öz işlərində müvəffəqiyyətlər arzulamışdır.

Daha sonra Bakı Ali Neft Məktəbinin 5 tələbəsi Səmədov İnsafəli "Alternativ enerji mənbələri", Tarverdiya Nərgiz "Ətraf mühitdə sənaye tullantıları-dioksin: bəşəriyyətin təhlükəsi", Rzayev Kamran "Neft-qaz sənayesinin tipik idarə etmə məsələlərinin LabVİEW proqramı ilə həlli", Abbaslı Nərmin "Təbiətdə Fibonaçi ardıcıllığı" və Qələndərli Əhməd "Nüvə bölünməsi enerji mənbəyi kimi" mövzularında ingilis dilində plenar məruzələrlə çıxış etmiş və konfrans işini davam etdirmişdir.