AZ / EN / RU
BANM-da "Ayın müəllimi" müsabiqəsinin mükafatlandırılma mərasimi oldu

Bakı Ali Neft Məktəbində (BANM) AzEdu.az təhsil portalının təşkil etdiyi “Ayın Müəllimi” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə BANM-ın rektoru Elmar Qasımov, Milli Məclisin deputatları – Mahir Abbaszadə, Musa Qasımlı, Şahin İsmayılov, Sevinc Hüseynova, Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru Elçin Süleymanov, yazıçı Elxan Elatlı və müsabiqə iştirakçıları iştirak ediblər.

 

BANM-ın rektoru Elmar Qasımov qonaqları və müsabiqə iştirakçılarını BANM-da salamlayaraq, layihənin gənc müəllimlərin motivasiya edilməsində rolunun böyük olmasından danışıb. Rektor qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” – deyərək müəllimi ən şərəfli peşə adlandırıb. Elmar Qasımov müsabiqədə iştirak edərək qalib gəlmiş gənc müəllimləri təbrik edib və təhsil portalı tərəfindən həyata keçirilən layihənin təqdirəlayiq olduğunu qeyd edib.

 

Daha sonra AzEdu.az təhsil portalının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı çıxış edərək rektor Elmar Qasımova təşkilati dəstək üçün təşəkkür edib. E.Eyvazlı hər ay keçiriləcək “Ayın müəllimi” layihəsinin məqsədindən və şərtlərindən  danışaraq bildirib ki, AzEdu.az komandasının bu müsabiqədə əsas məqsədi xüsusilə ucqar rayonlarda dərs verən müəllimlərin, onları narahat edən problemlərin, öz məktəbinin daha da inkişaf etdirilməsi üçün yeni təkliflərin və perspektivlərin üzə çıxarılmasıdır.

 

Daha sonra “Ayın müəllim” layihəsinin rəhbəri, AzEdu.az saytının baş redaktoru Elmin Nurizadə müsabiqənin nəticələrini açıqlayaraq, qalibləri elan edib.

 

Milli Məclisin deputatları, Gənclər və İdman Komitəsinin üzvü Mahir Abbaszadə və Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı, Gənclər və İdman Komitəsinin üzvləri Şahin İsmayılov, Sevinc Hüseynova,  BMU-nun prorektoru Elçin Süleymanov, yazıçı, riyaziyyatçı Elxan Elatlı da öz çıxışları ilə müəllimləri təbrik ediblər.

 

Müəllimlər mükafatlandırılaraq, onlara “Ayın müəllimi” müsabiqəsindəki iştiraklarına görə təltifnamə verilmiş və ilk üç yerin qalibi rəmzi hədiyyə ilə mükafatlaşdırılmışdır.

 

Qeyd edək ki, iki mərhələdən ibarət olan müsabiqənin ilkin mərhələsində AzEdu.az portalına göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilmiş, ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılmışdır. Daha sonra isə həmin yazılar AzEdu.az sorğu panelində səsverməyə təqdim edilərək qaliblər müəyyən olunmuşdur. Səsvermə nəticələrinə əsasən, “Müəllimlərin İşə Qəbul imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda müəllimlər arasında keçirilən “Ayın Müəllimi” müsabiqəsində I yer 41.3% səs çoxluğu ilə İsmayıllı rayonu, İstisu kənd orta məktəbinin müəllimi Məcid Musayev, II yer 23.8 % səslə Kəlbəcər rayonu, 84 saylı tam orta məktəbin müəllimi Şəhanə İsgəndərova, III yerin qalibi  isə 18.2% səslə Goranboy rayonu, Buzluq kənd orta məktəbinin müəllimi  Araz Hacıyevdir. Səsvermədə 46 mindən çox adam iştirak etmişdir.