AZ / EN / RU
Bakı Ali Neft Məktəbində İsveçrə səfiri ilə görüş olub

          Bakı Ali Neft Məktəbində (BANM)  İsveçrə Konfederasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüş keçirilib. Görüşdə rektor Elmar Qasımov, ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov, İsveçrə səfirliyinin Mətbuat və informasiya üzrə əməkdaşı Atəş Sultanov və Ali Məktəbin digər məsul əməkdaşları iştirak ediblər.

 

          Qonaqları BANM-da salamlayan rektor Elmar Qasımov  Ali Məktəbin tələbələri, təlim-tədris proqramları haqqında danışıb. Rektor vurğulayıb ki, BANM-ın tələbələri hər yay 2 ay müddətində SOCAR-ın müəssisələrində və transmilli şirkətlərdə çalışaraq praktiki biliklər əldə edirlər. Ali Məktəblə əməkdaşlıq edən şirkətlərdən bəhs edərkən Elmar Qasımov bu istiqamətdə ABB şirkətinin BANM-ın ən yaxın partnyoru və dostu olduğunu səfirə bildirib. Rektor ötən il BANM-da ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzininin açılışı olduğunu bildirib və qeyd edib ki, hazırda bu mərkəzin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin praktiki fəaliyyətində rolu əvəzsizdir.

 

           İsveçrə Konfederasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder isə rektor Elmar Qasımova səmimi görüş və qonaqpərvərlik üçün təşəkkür edərək bildirib ki, BANM onun Azərbayncanda olduğu bir neçə universitetdən çox fərqlənir. Səfir qeyd edib ki, İsveçrəni Azərbaycanda təmsil edən ABB şirkəti özünün sosial layihə olaraq özünün təhsil sahəsindəki ən böyük investisiyasını məhz BANM-a qoymuşdur. Səfir Filip Ştalder  həmçinin yaxın günlərdə İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibinin Azərbaycana səfər edəcəyini  və BANM-a da səfərinin gözlənildiyini deyib.

 

          İsveçrənin ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov BANM-la əməkdaşlıqdan və şirkətin Ali Məktəbin yaxın dostuna çevrilməsindən çox məmnun olduğunu bildirib. Səfirə ABB şirkəti tərəfindən BANM-da quraşdırılan laboratoriyadan danışan Rüstəm Qasımov, şirkətin Ali Məktəblə əlaqələrinin daha da genişləndirmək niyyətində olduğunu bildirib.

 

         Daha sonra tərəflər əməkdaşlıq üçün təkliflər irəli sürərək danışıqlar aparıb. Görüşün sonunda qonaqlar Ali Məktəbi gəzərək buradakı müxtəlif şirkətlərin laboratoriyaları və təlim mərkəzlərilə tanış olublar.