AZ / EN / RU
Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün Biznes təhsili"nin növbəti dərsləri başladı

          Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn    “Mühəndislər üçün Biznes təhsili” layihəsinin yeni qrupları üçün açılış mərasimi keçirilib.

 

          Açılışda çıxış edən Ali Məktəbin  rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi güclü texniki biliklərə malik olan mühəndislərdə biznes təfəkkürünün, menecer bacarıqlarının formalaşmasına nail olmaqdır. Rektor Elmar Qasımov layihədə tədris olunacaq modullardan və onların iştirakçıların gündəlik, həmçinin  karyera həyatlarına təsir edəcək müsbət tərəflərindən danışıb.

 

        Layihənin koordinatoru Ləman Hüseynova iştirakçılara BANM haqqında təqdimat edib, daha sonra layihədə iştirak etməyin qaydaları, modullar, təlimçilər və s. haqqında məlumat verib.

 

         Daha sonra “Mühəndislər üçün biznes təhsili” layihəsinin modullarından biri – “Danışıqların aparılması bacarıqları” modulunun təlimçisi, BANM-ın proqram meneceri Nərgiz Tarverdiyeva çıxış edərək, proqramın modulları - Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə edilməsi modullarının mahiyyəti və əsas məqsədi haqqında iştirakçılara məlumat verib.

 

        Daha sonra iştirakçılar xüsusi qruplara bölünüb və BANM-ın kampusu ilə yaxından tanış olublar.

 

         Qeyd edək ki, 2 ay müddətində davam edəcək proqramın tədris edilməsi üçün müxtəlif şirkətlərdə çalışan təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqramın iştirakçıları xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitlərindən istifadə edəcəklər.

 

         Layihədə iştirak etmək üçün BANM, ADNSU, UFAZ, BMU, AzMİU və Xəzər universitetlərindən xüsusi seçim prosesindən keçən 110-dan çox tələbə seçilib.