AZ / EN / RU
Bakı Ali Neft Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edildi

          Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

          Tədbir öncəsi Azərbaycanın dövlət himni səsləndirilib.

 

          Tədbir iştirakçılarını salamlayan Ali Məktəbin rektoru Elmar Qasımov bütün Azərbaycan xanımlarının timsalında BANM-ın xanım kollektivini 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. Rektor bildirib ki, hər il martın 8-i ölkəmizdə böyük həvəslə qeyd edilir, dövlət və ya özəl olmağından asılı olmayaraq əksər müəssisələrdə bu münasibətlə tədbirlər təşkil olunur. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qadın hərəkatına böyük önəm verir, Azərbaycanın xoşbəxt gələcəyi uğrunda çalışan xanımlara hər zaman dəstək göstərib. Rektor Elmar Qasımov həmçinin qeyd edib ki, BANM-da xanım tələbələrin sayı əvvəlki illərə nisbətən xeylı artıb, əməkdaşların isə 60%-dən çoxu qadınlardır.

 

         Rektor Elmar Qasımov BANM-ın fəaliyyətində uzun illər öz töhfəsini verən 10 xanım əməkdaşı da mükafatla təltif edib, eyni zamanda Ali Məktəbin bütün xanım işçilərini və tələbələrini hədiyyələrlə təbrik edib.

 

          Tədbir konsert proqramı ilə davam edib. Qadınlara həsr olunmuş musiqili proqramda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və  BANM-ın Musiqi Klubunun üzvləri öz ifaları ilə xanımlar üçün bayram əhval ruhiyyəsi yaradıblar.