AZ / EN / RU
"SPM ailəsinin bir üzvü olmaqdan qürur duyuram" - SOCAR-ın "Neftqaztikinti" trestinin Xarici əlaqələr şöbəsinin rəisi Natiq Əliyev

       “SPM ailəsinin bir üzvü olmaqdan qürur duyuram” – SOCAR-ın “Neftqaztikinti” trestinin Xarici əlaqələr şöbəsinin rəisi, Layihə İdarəetmə Məktəbinin məzunu Natiq Əliyev öz fikirlərini paylaşıb:

 

        “Uğurlu karyeranın, əmək fəaliyyətinin, ümumiyyətlə peşəkar şəxsiyyət kimi yetişib inkişaf etməyin təməlində keyfiyyətli təhsil dayanır. Bu prinsipi əsas tutaraq, SOCAR-ın təhsilə olan yatırımları və biz gənclərə bu yöndə verdiyi imkanlar şübhəsiz ki, təqdirə layiqdir.

 

        Layihələrin idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi, Bakı Ali Neft Məktəbində (BANM) təşkilatçılığı ilə birgə həyata keçirilən  və ABŞ-ın  Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında hazırlanan Layihə İdarəetmə Məktəbinin (SPM – School of Project Management) tədris proqramı karyeramda əldə etdiyim uğurlarla yanaşı, şəxsi bacarıq və biliklərimi inkişaf etdirmək və ən əsası isə, özümü yenidən kəşf etmək üçün geniş imkanlar yaratdı. Fikrimcə bu proqram gənc mütəxəssislərin gələcəyi üçün verilən böyük töhfədir.

 

          Mənim üçün  BANM-da  təşkil edilən SPM-in  M2 modulunu müvəffəqiyyətlə bitirib, Corc Vaşinqton Universitetinin (ABŞ) magistr sertifikatını qazanmaq uğurlu gələcəyimin əsaslı təməlinin qoyulması demək oldu. Mən texniki biliklər və təcrübələrlə yanaşı, burada səmimi münasibət, dəyərli insanlar və yaxın dostlar qazanmışam. Buradakı təhsilim mənim həyatımda dönüş nöqtəsi hesab oluna bilər. Belə ki, qazandığım biliklərin düzgün tətbiqi məqsədilə çalışdığım “Neftqaztikinti” trestində Xarici əlaqələr şöbəsinə rəis təyin olundum.

 

           Başda SOCAR rəhbərliyi olmaqla, bu proqramın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə, şəxsən BANM-ın rektoru Elmar Qasımova xüsusi təşəkkür edirəm, həmçinin göstərdikləri xüsusi diqqət və qayğı üçün bütün BANM ailəsinə öz dərin minnətdarlığımı bildirir, SPM ailəsinin bir üzvü olmaqdan qürur duyuram.”