AZ / EN / RU
Bakı Ali Neft Məktəbi Wood STS şirkətilə əməkdaşlığa hazırlaşır

      Bakı Ali Neft Məktəbində (BANM) Wood STS (Azərbaycan, Gürcüstan və Türkiyə) şirkətinin regional biznes üzrə meneceri Kolin Russell ilə görüş keçirilib. Görüşdə BANM-ın mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İradə Əhmədova iştirak ediblər.

 

       Ali Məktəbin Mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov qonağı salamlayaraq Ali Məktəbin fəaliyyət istiqamətləri, tələbə və məzunları, eləcə də əməkdaşlıq etdiyi şirkətlər haqqında məlumat verib.

 

      Şirkətin nümayəndəsi Kolin Russel Wood STS-in sualtı mühəndislik üzrə zəngin təcrübəsi, dərin su hövzələrindən xam neftin və qazın çıxarılmasında beynəlxalq sənaye bazarlarında mühüm rola malik olması haqqında danışıb. O texniki bilikləri və performansa əsaslanan həlləri özündə birləşdirən Wood STS şirkətinin BANM ilə yaxından əməkdaşlıq etməyə maraqlı olduğunu, dəniz mühəndisliyi üzrə ixtisaslı mütəxəssislərin yetişdirilməsinə, təhsil və təlimlərinə dəstək olmaq istədiyini bildirib.

 

      Görüşdə Woods nümayəndəliyinin yaxın zamanda BANM tələbələrilə görüşünün təşkil edilməsi, təcrübə proqramlarının təklif edilməsi və tələbələr üçün  karyera imkanlarının müəyyən edilməsi dəqiqləşdirilib.