AZ / EN / RU
Bakı Ali Neft Məktəbi 4-cü SOCAR Beynəlxalq Forumuna ev sahibliyi edəcək

         Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə 4-cü SOCAR Beynəlxalq “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Neft Emalı, Neft-kimya, Ticarət, Logistika” Forumu keçiriləcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı  il dönümünə həsr olunan SOCAR-ın Beynəlxalq Forumu 22-25 aprel 2019-cu il tarixlərində təşkil ediləcək.

         Regionunun neft təqvimində ən mühüm hadisələrdən olan SOCAR Beynəlxalq Forumunun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

         Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri və bir çox ölkələrin sahə nazirliklərinin  və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir. 

          SOCAR-ın IV Forumunun təşkilatçıları tərəfindən iştirakçılar üçün unikal və zəngin texniki səfər proqramı da hazırlanmışdır. Belə ki, iştirakçılar ilk dəfə olaraq, 2018-ci ildə istismara verilən SOCAR-ın Karbamid Zavoduna, Sumqayıtda yerləşən SOCAR Polimer-ə, həmçinin Səngəçal terminalına səfər edəcəklər.

           Qeyd edək ki, hər il Forumda böyük neft-qaz şirkətləri, neft emalı zavodları, ticarət şirkətləri, limanlar, terminallar, banklar və analitik agentliklərdən 300-dən çox rəhbər işçi və aparıcı mütəxəssislər iştirak edir. Yalnız ötən il Forumda iştirak üçün dünyanın 30-yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılmışdı.

            Xatırladaq ki, Forumda iştirak üçün qeydiyyat http://socarforum.com saytında həyata keçirilir.