AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbəsi «Sənaye 4.0-a doğru» layihəsini təqdim etdi

          Bakı Ali Neft Məktəbində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan V kurs tələbəsi Aydın Nəsirzadənin Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında “Sənaye 4.0-a doğru” adlı bir aylıq təlim keçirilib. Layihənin təlimləri müxtəlif şirkətlərdən dəvət olunmuş mühəndis və mütəxəssislər tərəfindən keçirilmişdir. Layihə, Fondun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib.  

 

             Xatırladaq ki, “Sənaye 4.0-a doğru” adlı layihənin əsas məqsədi proseslərin avtomatlaşdırılması mühəndisliyi, idarəetmə və nəzarət ölçü cihazları mühəndisliyi, elektrik mühəndisliyi və oxşar ixtisaslarda təhsil alan gənclərə gələcək peşələrinin mahiyyətini, vacibliyini və ölkəmizdəki vəziyyətin ən son sənaye inqilabı standartları ilə ayaqlaşması üçün lazımi motivasiyanı vermək idi. Layihə iştirak edən gənclərdə Sənaye 4.0 yolunda atılan ilkin addımlar haqqında anlayış yaranmışdır.

 

             Layihə çərçivəsində təşkil olunan ilk təlimdə Elman Kərimli tərəfindən “Internet of Things” mövzusu müzakirə olunmuşdur. İkinci təlimi isə Azərsu ASC-dən nəzarət ölçü cihazları mütəxəssisi Pərviz Hacıyev verdi. Üçüncü təlimdə tələbələr BP şirkətinin mühəndisi Elşən Mikayılovun “Funksional təhlükəsizlik” təlimində iştirak etdilər. Sonuncu gün isə, layihə rəhbəri Aydın Nəsirzadə dördüncü sənaye inqilabı mövzusunda yekun təqdimat etdi. Bundan əlavə, layihə çərçivəsində Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Schneider Electric şirkətinin laboratoriyasına səfər olmuşdur. Şirkət əməkdaşı Elbəy Rüstəmov layihə iştirakçılarına təqdimat edib, daha sonra Ramil Şükürovun rəhbərliyi ilə TriConex kontrollerində praktiki məşğələ keçirilib. Qeyd edək ki, layihə 20 nəfər gəncin iştirakı ilə uğurla həyata keçirilib.

 

             Layihə iştirakçılarının təltif-etmə tədbirində iştirak edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara və təlim iştirakçılarına “Sənaye 4.0-a doğru” layihəsinin əhəmiyyətindən danışaraq gənclərin bu kimi layihələrdə aktiv iştirakından məmnun olduğunu bildirdi. Sonda rektor Elmar Qasımov iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim etdi.