AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin 21 tələbəsi SOCAR Türkiyədə təcrübə keçəcək

         Bakı Ali Neft Məktəbində (BANM) “Star” neft emalı zavodunun icraçı direktoru Mesut İlter, SOCAR Türkiyənin İnsan Resursları üzrə qrup direktoru Sibel Uğur və İşəgötürmə üzrə mütəxəssisi İlke Enginlə görüş keçirilib. Tələbələr və valideynlərin də iştirak etdiyi görüşdə BANM-in rektoru Elmar Qasımov bildirib ki, şirkətin apardığı seçim prosesi nəticəsində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan 21 tələbəsi Türkiyədə “Star” neft emalı zavodunda iki aylıq təcrübə keçəcək. Təcrübə müddətində tələbələr zavodun fəaliyyəti, əməliyyatları və digər texniki prosesləri ilə yaxından tanış olacaq, bununla da təhsil müddətində əldə etdikləri nəzəri bilikləri praktik baxımdan daha da gücləndirtək imkanı əldə edəcəklər. Rektor Elmar Qasımov BANM-in əsas hədəflərindən birinin lider-mühəndislər yetişdirmək olduğunu vurğulayıb. O deyib ki, bunun üçün ali məktəbə cəlb olunmuş ən yaxşı professor-müəllim heyəti əlindən gələni edir: “Tələbələr intizamlı və çalışqan olmalı, dərsdənkənar mədəni, sosial, ictimai tədbirlərdə də iştirak etməlidir, növbəti ildən tələbələrin idman klublarında aktiv iştirakı planlaşdırılır”.

 

         “Star” neft emalı zavodunun icraçı direktoru Mesut İlter Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinin elm, təhsil və iş mühitinə inteqrasiya etməsinin əhəmiyyətindən danışıb. O, zavodda təcrübə keçəcək hər bir tələbəyə öyrənməsi üçün hərtərəfli imkanlar yaradılacağını qeyd edib. M.İlter gələcək mühəndislərlə uğurun sirlərini də bölüşüb: “Ən vacib məsələ işinizi sevməyinizdir, insan işi sevəndə bacarıqlarını da inkişaf etdirməyə maraqlı olur. Təxminən 40 ilə yaxındır ki, kimya mühəndisliyi sahəsindəyəm, hələ də öyrənməli çox şeyin olduğunu, bilik və bacarıqlarımı yeniləməyin önəmli olduğunu hesab edirəm”.

 

         Görüş zamanı qonaqlar tələbələrin suallarını da cavablandırıb. SOCAR Türkiyənin İnsan Resursları üzrə qrup direktoru Sibel Uğur tələbələrin suallarına cavab verərkən bildirib ki, şirkətə təcrübə proqramı ilə bağlı seçimlərdə əsas meyar olaraq tələbələrin akademik göstəriciləri, müsahibələrdə onların peşəsinə yanaşma və özünüifadə tərzi, həmçinin emosional intellekti nəzərə alınır.

 

         SOCAR Türkiyənin İşəgötürmə mütəxəssisi İlke Engin Türkiyədə təcrübə proqramına seçilmiş tələbələr üçün təqdimat edib və bildirib ki, hər bir seçilmiş tələbə aylıq təqaüdlə, pulsuz yataqxana ilə təmin olunacaq, yemək xərcləri ödənəcək.

 

         Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib. Rektor Elmar Qasımov Məsut İlteri “Fəxri qonaq plaketi” ilə mükafatlandırıb.