AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin müəllim və əməkdaşları Rumıniyada işgüzar səfərdə olublar

         Bakı Ali Neft Məktəbinin (BANM) İnzibati-təsərrüfat işləri üzrə prorektor Oktay Rzayev, Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi Nuranə Cavadova, Kimya mühəndisliyi kafedrasının baş müəllimi Sevda Zərgərova və Tədris-metodiki şöbənin böyük metodisti İradə Əhmədova Erasmus+ proqramı çərçivəsində Rumıniyanın Ploeşti Neft-qaz Universitetində təşkil olunmuş Beynəlxalq işçi həftəsində iştirak ediblər.

 

         Səfər çərçivəsində Ploeşti Neft-qaz Universitetində Bakı Ali Neft Məktəbi də daxil olmaqla, Çinin, Türkmənistanın, Rusiyanın, Serbiyanın və Moldovanın neft-qaz universitetlərinin nümayəndələrinin də iştirakı ilə görüş keçirilmişdir. Proqramın rəsmi açılışında prorektor Oktay Rzayev iştirakçıları salamlayaraq ali məktəbimiz haqqında onları geniş məlumatlandırıb. O, Erasmus+ proqramının ali məktəblər arasında təcrübə mübadiləsi və dostluq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

 

         Ploeşti Neft-qaz Universitetinin rektoru cənab Mihai Pasku Koloja və rəhbər heyəti ilə BANM-dan olan nümayəndə heyətinin ikitərəfli görüşü keçirilmişdir. Görüş zamanı dekan Zəfər Qurbanov BANM haqqında geniş məlumat verdi və qarşılıqlı müzakirələr aparıldı. Ploeşti Neft-qaz Universitetinin Belnəlxalq əlaqələr üzrə prorektoru Mihail Minesku bildirdi ki, təmsil etdikləri universitetin 4 tələbəsi Erasmus+ proqramı çərçivəsində BANM-da bir semestrlik tədrisə cəlb olunub. O, tələbələrin bu Ali məktəbdən çox məmnun olduqlarını və onlar üçün yaradılmış şəraitə görə BANM rəhbərliyinə öz təşəkkürünü bildirdi. Görüşdə həmçinin, ingilis dilli neft-qaz Universiteti olan BANM ilə Erasmus+ proqramı çərçivəsindən başqa, eyni zamanda ali məktəblər arasında hərtərəfli əlaqələrin genişləndirilməsinin də vacibliyi xüsusi vurğulandı. Gələcəkdə birgə layihələrin işlənməsi və Erasmus+ proqramı çərçivəsində görüşlərin BANM-da təşkil olunması, doktorluq və elmi-tədqiqat işlərinin aparılması barədə razılıq əldə olunmuşdur.

 

             Nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərində olmuş, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində konsul Ramiz Cəfərov və atteşə Elşən Həmidovun iştirakı ilə görüş keçirilmişdir. Görüşdə BANM haqqında, ali məktəbimizin Erasmus+ proqramında iştirakı barədə səfirlik nümayəndələrinə geniş məlumat verilmişdir. Konsul Ramiz Cəfərov ali məktəbimizin uğurlu fəaliyyətindən danışmış və bir çox məsələlərin müzakirəsi aparılmışdır.