AZ / EN / RU
Bakı Ali Neft Məktəbi ilə "Huawei" şirkəti Əməkdaşlıq Müqaviləsi imzaladı

       Bakı Ali Neft Məktəbi (BANM) ilə Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində Ali Məktəbdə İKT Akademiyasının yaradılması və onun nəzdində laboratoriyanın qurulması üçün avadanlıq və proqram təminatı ödənişsiz olaraq veriləcək. İmzalanma mərasimində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət və İqdisadiyyat Məsələləri üzrə konsulu cənab Vanq Çunqanq, səfirliyin attaşesi cənab Ven Qohuey, “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Lu Tsanlin, şirkətin Azərbaycan nümayəndəliyinin proqramlar üzrə meneceri cənab Tao Civen, şirkətin Azərbaycan nümayəndəliyinin müştərilərlə iş üzrə meneceri xanım Cong Din və Ali Məktəbin tələbələri və məsul əməkdaşları iştirak ediblər.

 

      BANM-ın rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel ayında Çinə rəsmi səfəri zamanı “Huawei” şirkətinin sədri Lian Xua ilə keçirdiyi görüşə diqqət çəkərək bildirib ki, bu görüş iki dövlət arasındakı iqtisadi əlaqələrinin güclənməsi və yeni əməkdaşlıqların yaranmasına ciddi töhfə verib. Rektor Ali Məktəbdə İKT Akademiyası və laboratoriyasının yaradılması üçün “Huawei” şirkətinin dəstəyini yüksək qiymətləndirdiyini və bu əməkdaşlığın BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını bildirib. O qeyd edib ki, əməkdaşlıq müqaviləsinin yekunu kimi tezliklə İKT Akademiyası və laboratoriyasının açılışı olacaq və laboratoriya tələbələrin ixtiyarına veriləcək.

 

       Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət və İqdisadiyyat  Məsələləri üzrə konsulu cənab Vanq Çunqanq bildirib ki, bu cür əməkdaşlıqlar iki dövlət arasında olan münasibətləri daha da möhkəmləndirir və gələcəkdə yeni partnyorluq imkanlarının davamlı olacağına ümid edib.

 

      “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Lu Tsanlin BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirib və şirkətin əməkdaşlarının  Azərbaycanda İKT Akademiyasının və laboratoriyasının qurulmasında iştirakından məmnunluğunu ifadə edib. O,  tələbələrin avtomatika sahəsində keyfiyyətli mütəxəssis kimi yetişməsi üçün şirkət olaraq onlara hər zaman dəstək olacaqlarını bildirib və tələbələrə uğurlar arzulayıb.

 

      BANM və “Huawei” şirkəti arasında əməkdaşlığın hüquqi əsası 23 yanvar 2019-cu il tarixində imzalanmış Anlaşma Memorandumu ilə qoyulub. Bu Memorandum BANM tələbələrinə şirkətin strukturlarında təcrübə keçmək, şirkət mütəxəssislərinin tələbələrlə öz bilik və təcrübələrini bölüşmək fürsəti yaradır.  

 

      “Huawei” şirkəti telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında ixtisaslaşmış Çinin transmilli özəl şirkətidir. “Huawei” dünyanın 170 ölkəsində öz məhsullarını istehsal edir, 1500-dən artıq şəbəkə yaradaraq dünya əhalisinin 1/3-nə xidmət edir.