AZ / EN / RU
Boston Konsaltinq Qrupun nümayəndələri Bakı Ali Neft Məktəbində

        Bakı Ali Neft Məktəbində (BANM) Boston Konsaltinq Qrup (BKQ) nümayəndələrinin görüşü keçirilib. Görüşdə BANM-in professor-müəllim heyəti ilə yanaşı, BKQ-nin tərəfdaşı və icraçı direktoru Sergey Perapeçka, BKQ-da layihə rəhbəri Sergey Xaliullin və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin aparıcı məsləhətçisi Mövlud Möhbalı iştirak ediblər.

 

       Görüşdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” 2019-cu il 10 yanvar tarixli 881 nömrəli Sərəncamının 2.2.-ci yarımbəndinə diqqət çəkilib və ölkədə İnnovasiya strategiyası layihəsinin hazırlanması prosesində müvafiq araşdırma və təhlillərin tərkib hissəsi olaraq Ali Məktəbin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər və görülmüş tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

 

BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın növbəti mərhələdə daha geniş səviyyədə - birgə elmi-tədqiqat laboratoriyalarının yaradılması istiqamətində davam etdirildiyini vurğulayıb. Bu cür elmi-tədqiqat laboratoriyaları və mərkəzlərinin istər gənc tədqiqatçılar, istərsə də elmi-tədqiqat və araşdırma fəaliyyətlərinə cəlb olunmuş alimlər üçün innovasiya və ideyalarını reallaşdıracaq platforma rolunu oynayacağını bildirən rektor ali məktəblərin bu vasitə ilə ölkənin innovasiya potensialının formalaşdırılması və gələcək inkişafına mühüm töhfə verə biləcəyini qeyd edib.

 

BQK-nin tərəfdaşı və icraçı direktoru Sergey Perapeçka bildirib ki, görüşün əsas məqsədi şirkət tərəfindən ali təhsil müəssisələri səviyyəsində innovativ inkişaf istiqamətində həyata keçirilmiş fəaliyyətlərin araşdırılmasıdır. O, həmçinin, Ali Məktəbin inkişafı və innovasiyaları dəstəkləmək istiqamətində həyata keçirdiyi tədbirlərdən məmnun olduğunu ifadə edib.

 

Boston Konsalting Qrup (BKQ) 1963-cü ildə yaradılmış konsaltinq xidmətlərini göstərən və biznes strategiyası istiqamətində lider şirkətdir. Baş qərargahı ABŞ-ın Boston şəhərində olan şirkət dünyanın 50 ölkəsində 90-dan artıq nümayəndəliyi ilə dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir. BKQ həmçinin şəhərlərin inkişafının planlaşdırılması, komfortlu şəhər mühitinin yaradılması, məşğulluğun transformasiyası, şəhər infrastrukturunun, turizm və nəqliyyatın, sosial sahələrin və sahəvi klasterlərin inkişaf strategiyalarının hazırlanması üzrə geniş beynəlxalq təcrübəyə malikdir. Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Baş planın hazırlanması layihəsi 2019-cu ilin mart ayından etibarən BKQ-yə həvalə olunub.