AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin magistratura səviyyəsinə qeydiyyat davam edir

            Bakı Ali Neft Məktəbinə 2019-2020-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul olunanların qeydiyyatı davam edir.

 

             Cari tədris ili üzrə Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları, eləcə də Biznesin idarə edilməsi (Master of Business Administration - MBA) üzrə ümumilikdə 64 nəfər BANM-in magistratura tələbəsi adını qazanıb.

 

              MBA üzrə 50 nəfər BANM-i seçib. Bu proqrama qəbul zamanı toplanan ən yüksək bal 138, minimal bal isə 98 olub. Bu ixtisas üzrə təhsil ödənişli əsaslarla həyata keçirilir.

 

              Proseslərin avtomatlaşdırılması mühəndisliyi (4 nəfər), Kimya mühəndisliyi (5 nəfər), Neft-qaz mühəndisliyi (5 nəfər) ixtisasları üzrə müvafiq olaraq maksimal 128, 126, 113, minimal 119, 116, 78 bal toplanılıb.

 

               Neft-qaz mühəndisliyi ixtisasında “Yatağın qiymətləndirilməsi və idarə olunması”, Kimya mühəndisliyi ixtisasında “Neft və qaz texnologiyası”, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında “Texniki sistemlərdə informatika və idarəetmə” üzrə ixtisaslaşma həyata keçiriləcək.

 

                Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının məzunlarına Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin diplomları veriləcək.

 

                 Məlumat üçün bildirək ki, bu il ilk dəfə olaraq Bakı Ali Neft Məktəbindən 13 nəfər magistratura pilləsi üzrə məzun olub.

 

                 Xatırladaq ki, BANM-in magistratura səviyyəsinə qəbul olunanlar iyulun 10-dək tələb olunan sənədləri ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.