AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin baş müəllimi beynəlxalq müsabiqədə mentor oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Süleyman Süleymanzadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Mexanizmi" (Eastern Partnership Civil Society Facility) proqramı çərçivəsində keçirilən beynəlxalq “Hackathon” müsabiqəsində mentor olub. 

Müsabiqə Gürcüstanın nüfuzlu “GİTA” texnoparkında keçirilib.

BANM-ın Baş müəllimi komandaların proqram təminatları sisteminin qurulmasında məsləhətçi və arxitektor kimi iştirak edib. O, həmçinin, sünni intellekt əsaslı proqram təminatlarının yaradılması üsulları mövzusunda webinar da keçib.

Sayca üçüncü olan beynəlxalq “Hackathon”a Avropa ölkələrindən - Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan təxminən 60 vətəndaş cəmiyyəti fəalı, texnologiya mütəxəssisi və qrafik dizayner qatılıb. “Hackathon” iştirakçıları, ictimai texnologiya təşəbbüskarları, informasiya texnologiyaları üzrə tanınmış startapçılar və konsaltinq şirkətlərinin təmsilçilərindən mentor dəstəyi və məsləhətlər alıblar.

Məlumat üçün bildirək ki, "Hackathon" ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.

Qeyd edək ki, Aİ tərəfindən "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Mexanizmi" layihəsi, vətəndaş cəmiyyəti təşkilatlarının və fəallarının öz icmalarının ehtiyaclarına daha yaxşı xidmət etməsinə imkan verəcək rəqəmsal vasitələrin və həllərin inkişaf etdirilməsinə, eləcə də, vətəndaşların qərarların qəbul edilməsində iştirakına kömək edir.