AZ / EN / RU
Rektor Elmar Qasımov MBA proqramı üzrə magistratura səviyyəsinə qəbul olan tələbələrlə tanışlıq görüşü keçirib

Bakı Ali Neft Məktəbinə (BANM) 2019-2020-ci tədris ili üçün Biznesin idarə edilməsi (Master of Business Administration - MBA) üzrə magistratura səviyyəsinə qəbul olan tələbələrlə tanışlıq görüşü keçirilib.

 

Tələbələri təbrik edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, BANM-ə 2019-2020-ci tədris ilində MBA üzrə qəbul planı artırılaraq, 50 nəfərə çatdırılıb.

 

Rektor Elmar Qasımov qeyd edib ki, MBA proqramına qəbul zamanı toplanan ən yüksək bal 138, minimal bal isə 98 olub.

 

“BANM-in MBA proqramı magistrantlara “İdarəçilik idarəçilərdən öyrənilir” devizi ilə dövlət və biznes sahəsində çalışan peşəkar mütəxəssislərdən geniş biliklər əldə etmək imkanı, nəzəriyyəni praktikaya çevirən zəngin təhsil təcrübəsi, şəxsi və peşəkar biznes əlaqələrinin genişləndirilməsi və rəqabətədavamlı karyera imkanları təqdim edir. Hazırladığımız proqram biznes mühitində tələb olunan müasir çağırış və trendlərə tam cavab verir. Yerli və beynəlxalq mütəxəssislərin eksklüziv proqamı əsasında birinci il tələbələr idarəetmə sahələri və onlara aid olan analitik bacarıqlar barəsində praktik biliklər əldə edəcək, ikinci il isə əsas fənnlərlə bərabər seçmə fənnlər üzrə ixtisaslaşa biləcəklər”  - deyə vurğulayan Elmar Qasımov tələbələrə yeni tədris ilində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə qəbul qaydaları əsasında aparılır. Bunun üçün Dövlət İmtahan Mərkəzinin imtahanlarından uğurla keçmək kifayətdir.

 

Xatırladaq ki, cari tədris ili üzrə Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları, eləcə də Biznesin idarə edilməsi proqramı üzrə ümumilikdə 64 nəfər BANM-in magistratura tələbəsi adını qazanıb.