AZ / EN / RU
Elmar Qasımov I ixtisas qrupu üzrə ən yüksək bal toplayan Əsmər Hacızadə ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 690.5 bal toplamış Əsmər Hacızadə ilə görüşüb. Xətai rayonunda yerləşən 191 nömrəli tam orta məktəbin məzunu Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasını seçib.

 

Yüksək bal topladığına görə Əsmər Hacızadəni təbrik edən rektor Elmar Qasımov ona tədris dönəmində və gələcək karyerasında uğurlar arzu edib. Qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal toplayan abituriyentlərin məhz Bakı Ali Neft Məktəbini seçmələrinin ənənə halı aldığını qeyd edən rektor rəhbəri olduğu Ali məktəbin hər bir tələbəsinə həm təhsildə, həm şəxsi həyat və gələcək karyerasında uğurlar qazanmağa hər zaman dəstək olduğunu bildirib.

 

Rektor Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsinin çox qürurverici və Ali Məktəb üçün mühüm hadisə olduğunu vurğulayıb.

 

Görüş zamanı Əsmər Hacızadə gələcəkdə ölkəmizin inkişafı üçün peşəkar mütəxəssis kimi yetişməsində bütün imkanlardan istifadə edəcəyini bildirib.

 

Əsmərin anası Nailə Bayramova səmimi qəbula və təbrikə görə BANM-in rektoruna təşəkkür edib.