AZ / EN / RU
BMT-nin Təlim və Tədqiqat İnstitutunun nümayəndələri Bakı Ali Neft Məktəbində

BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə  2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində (BANM) bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.

Onların Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında imzalanmış Əməkdaşlıq haqqında Memoranduma əsasən, BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.

Artıq Bakıya gələn tələbələr, Nigeriya hökuməti və UNITAR -ın nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində görüş keçirilib. Görüşdə BANM-in prorektoru Rəşad Həsənov, Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Ali Məktəbin professor-müəllim heyəti, UNITAR -ın Nigeriya üzrə Ölkə nümayəndəsi Lari Boms, Niger Deltası üzrə Prezidentin Xüsusi Müşavir İdarəsinin Məşğulluq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Marqaret Abazie Hampfri, Təhsil şöbəsinin müdiri Piter Acube iştirak ediblər.

 

BANM-in prorektoru Rəşad Həsənov qonaqlara Bakı Ali Neft Məktəbi, Ali Məktəbin təlim-tədris prossesi, tələbələrə yaradılan şərait barədə ətraflı məlumat verib. O bildirib ki, BANM hər bir tələbəsinə olduğu kimi, nigeriyalı tələbələrə də təhsillərini ən yüksək səviyyədə davam etdirmələri üçün bütün zəruri şəraiti yaradacaq. “Yaradılan şərait fonunda tələbələrin dərsə davamiyyəti, nizam-intizamı, dərslərə hazırlığı əsas şərtlərdəndir. BANM-də aldıqları təhsil gələcəkdə onların karyera qurmalarında bünövrə rolunu oynayacaq”- deyə prorektor qeyd edib.

 

UNITAR-ın Nigeriya üzrə Ölkə nümayəndəsi Lari Boms bildirib ki, Nigeriya hökumətinin təhsil sahəsində yeni faydalı partnyor axtarışı uğurla nəticələnib. “Biz hesab edirik ki, bu baxımdan  Bakı Ali Neft Məktəbi çox yaxşı tərəfdaşdır. UNITAR olaraq biz BANM-lə əməkdaşlığı təkcə Nigeriya ilə məhdudlaşdırmayacağıq. BMT-nin imkanlarından istifadə edərək digər ölkələr də bu prossesə cəlb olunacaq. Qeyd etmək istəyirəm ki, BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün Azərbaycanın həyata keçirdiyi uğulu işlər danılmazdır. Ölkənizdə təbii resursların səmərəli istifadəsi nəticəsində dayanıqlı inkişafa nail olunub”- deyə qonaq əlavə edib.

 

Niger Deltası üzrə Prezidentin Xüsusi Müşavir İdarəsinin Məşğulluq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Marqaret Abazie yaradılan imkan üçün minnətdarlığını ifadə edib.

 

“Bizim üçün keyfiyyətli təhsillə yanaşı, gənclərimizin sosial həyata adaptasiyası və yeni bacarıqlara yiyələnməsi də önəmli şərtlərdəndir. Biz istərdik ki, tələbələrimiz neft-qaz mühəndisliyi sahəsi ilə yanaşı, digər sahələrdə də yeni biliklər əldə etsinlər. Onlar Nigeriya hökumətinin Azərbaycandakı təmsilçiləridir. İnanırıq ki, 4 illik tədris prosesinin sonunda biz onları fəxrlə məzun edəcəyik”.

 

Nigeriyalı tələbələr də öz növbəsində göstərilən etimada və qonaqpərvərliyə görə təşəkkür edib, yaradılan şəraitdən istifadə edərək, təhsil müddətində verilən bütün tapşırıqları məsuliyyətlə yerinə yetirəcəklərinə söz veriblər.

 

Tələbələr Ali Məktəbin kampusunda yerləşdirilməklə bərabər, onların Bakının tarixi, gəzməli-görməli yerlərinə də ekskursiyaları təşkil olunub.

 

Xatırladaq ki, BMT-nin Təlim və Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi üzrə 19 iyun 2018-ci il tarixində BANM ilə UNITAR arasında Əməkdaşlıq haqqında İsveçrənin Cenevrə şəhərində Memorandum imzalanıb. 

 

Memorandumunun şərtlərinə əsasən, birgə görüşlərin və seminarların təşkil olunması, layihələrin reallaşdırılması, mütəxəssis mübadiləsi və hər iki tərəfin razılığı ilə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.