AZ / EN / RU
Prezident təqaüdçüsü: "Bizim məktəbdə ən çox arzuolunan universitet məhz Bakı Ali Neft Məktəbidir"

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Elza Qurbanovadır. O, 688,6 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub. Bakı şəhəri, Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyi bitirib. 

 

Qəbul imtahanını necə xatırlayırsız?

 

Qəbul imtahanlarında həyəcanlı  idim. Suallar tamamilə yeni tipli idi. Buraxılış imtahanları bir az düşündürücü suallardan ibarət idi. Qəbul (Blok) imtahanlarında isə heç bir həyəcanım yox idi. Bütün suallara dəqiq cavab verərək ilk imtahandan 682.9 bal, ikinci imtahandan 688,6 bal yığdım.

 

Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

 

Əvvəl mən Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını istəyidim. Səbəbi də, Fizika olimpiadasının iştirakçısı olmağım idi. Fizikaya hər zaman xüsusi marağım olub. Lakin sonradan proqramlaşdırma və nanotexnologiyalar sahəsinə yaranan marağım mənim İnformasiya təhlüksəizliyi ixtisasını seçməyimə səbəb oldu.

 

Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

 

Bizim məktəbdə ən çox adıçəkilən və ən çox arzuolunan universitet məhz Bakı Ali Neft Məktəbidir. Məzunlarımızın da əksəriyyəti məhz buranı seçib.

 

 Niyə məhz BANM-i seçdiniz?

 

Həm prestijli, həm də ölkənin ən yaxşı təhsil ocaqlarından biri olduğuna görə məndə də bu Ali Məktəbi seçdim.

 

BANM-də oxumaq hədəfinizə necə çatdınız?

 

I qrup üzrə oxuduğum fənnlər həm də ən sevdiyim fənnlər idi. Ona görə də hazırlaşmaq çətin olmadı və istəyimə nail oldum.

 

Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?

 

Ailəm hər qararıma hörmətlə yanaşdı və ixtisas seçimimdə də mənə çox böyük dəstək oldular. Müəllimlərim də mənə xüsusi motivasiya verirdi.

 

Ən böyük arzunuz?

 

Arzum tam formalaşmış bir vətəndaş və ixtisaslaşmış mütəxəssis olmaqdır. Sadəcə, müəyyən sahə üzrə yox bütün sahələr üzrə biliyə malik olmaq da arzumdur.

 

Hobbiləriniz nədir?

 

Fizika olimpiadası iştirakçısı olduğumdan hobbim fizikaya aid maraqlı məlumatlar əldə etmək və bu sahəyə daha dərindən yiyələnməkdir. Mənə adətən “fizik xanım” da deyirlər (gülür).

 

İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

 

Demək olar ki, bütün sahələrə marağım var. Hər bir sahə üzrə daha dərin biliklər əldə etmək istərdim.

 

Hansı janrda kitablar oxuyursuz?

 

Aqata Kristi ən çox sevdiyim yazarlardan biridir. Onun əsərlərini çox sevirəm. Bundan başqa özünü inkişaf üzrə kitablar da oxuyuram. Bu mənim üçün əsas məqamlardan biridir.

 

BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

Qarşıdakı illərdə ixtisasım üzrə tam biliyə yiyələnərək təhsilimi xaricdə davam etdirməyi düşünürəm.