AZ / EN / RU
Prezident təqaüdçüsü : "Gələcəkdə Bil Qeyts kimi öz sahəmin peşəkarı kimi xatırlanmaq istəyirəm"

             Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Yeganə Abbaszadədir. O, 674,8 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.

 

               Yeganə Abbaszadə 2002-ci il ildə Xırdalan şəhərində anadan olub. O, 2008-2019-cu illərdə Xırdalan şəhəri 2 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbdə fənn olimpiadalarının aktiv iştirakçısı olub, dəfələrlə sertifikatlarlara layiq görülüb.

 

  • Qəbul imtahanını necə xatırlayırsız?

 

        Mən çox həyəcanlı idim, çünki imtahan əvvəlki kimi ənənəvi üsulla keçirilmirdi. Bu il qəbul imtahanları kurrikulum əsasında keçirildi, açıq tipli suallar vardı. İmtahan zalına daxil olandan sonra baxdım ki, sadəcə metodda fərqlilik var, suallar həmişəki suallardır.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

 

         Məktəbdə informatika fənnindən proqramlaşdırma və avtomatikaya çox həvəsim vardı, bu həvəsi məndə informatika müəlliməsi Dilarə xanım yaratmışdı. Sonra oturub fikirləşdim ki, kompüterə aid çox sahələr var, müəyyən araşdırmalarımdan sonra qərara gəldim ki, indiki zamanın tələbinə uyğun ən önəmli sahə informasiya təhlükəsizliyidir. İndi informasiya çox sürətlə yayılır, ancaq onun təhlükəsizliyi sahəsində problemlər  var, məhz bu problemlərlə  bağlı nələrsə eləməyə ehtiyac var.

 

  • Bəs, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

 

          İlk dəfə fizika müəlliməm Günel xanımdan eşitmişdim. O, I qrup üzrə ən keyfiyyətli ali təhsil müəssisəsi kimi Bakı Ali Neft Məktəbini ciddi tövsiyə eləmişdi, hətta bəlkə də ən çox onun arzusu idi ki, mən BANM-də oxuyum.

 

  • Niyə məhz BANM-i seçdiniz?

 

          Fizika müəlliməm məlumat verəndən sonra, BANM-də oxuyan tələbələrdən məlumatlar əldə etməyə başladım. Tələbələrlə söhbətlərdən, özümün də araşdırmalarımdan sonra qəti qərarımı verdim: BANM-də təhsil almaq və informasiya təhlükəsizliyi üzrə mütəxəssis olmaq istiqamətində əsas məqsədimə çatmalıyam.

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

 

          Böyük hədəfə çatmaq üçün kiçik addımlardan başlamaq lazımdır. İnsan son iki ili universitetə ciddi hazırlaşsa da, əsas təməldir. Şagirdlər  təməldən dərslərini sistemli formada yaxşı oxumalıdır, elmə və biliyə ciddi fikir vermək lazımdır. Mən məktəb illərindən dərslərimə həmişə ciddi fikir vermişəm, buna dərs kimi yox, hər gün yeni məlumat öyrənəcəyim əyləncəli məşq kimi baxırdım. Qısası, məqsədimə gedən yolda əsas təməl bilgilər, dəqiq hədəfi müəyyən etmək, əzmkarlıq və çalışmaq istəyi mənə kömək oldu.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?

 

         Ailədə dörd nəfərik: anam, atam, bacım və mən. Oxumağım və inkişafım üçün mənə şərait yaratdıqları üçün ailəmə hər zaman təşəkkür borcum var. İxtisasla bağlı qərarımda da ailəm yanımda oldu.

 

  • Ən böyük arzunuz?

 

         Bil Qeytsi necə öz sahəsinin əjdahası sayırlarsa, nə vaxtsa mənim adım çəkiləndə də öz sahəmin peşəkarı kimi xatırlanmaq istəyirəm. Hələlik dərslərimi oxumalı və öz üzərimdə çalışmalıyam.

 

  • Hobbiləriniz nədir?

 

         Kitabları və dəftərlərimi səliqəyə salmağı və onları yerləşdirməyi sevirəm, saatlarla bununla məşğul olaram və bezmərəm, bu, mənə xüsusi enerji verir. Fotoqrafiyanı da sevirəm, ən qəşəng foto alınana qədər 50-60 dənə kadr çəkirəm. Bir də oxuduğum kitabların filmlərini izləmək zövq verir.

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

        Psixologiya və tibb sahəsi ilə maraqlanıram. Psixologiya sahəsində biliklərimi artırmaq istəyirəm, insanların xasiyyətlərini və xarakterini müəyyən etmək maraqlı gəlir.  

 

  • Hansı janrda kitablar oxuyursuz?

        Detektiv janrını sevirəm və Artur Konan Doyle sevimli müəllifimdir. Şerlok Holmsun əsərdəki məntiqi düşüncəsinə heyranam.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

         Bu beş ildə ingilis və alman dilləri üzrə bilik səviyyəmi artırmaq, vaxtım qalsa, yaponca da öyrənmək istəyirəm.