AZ / EN / RU
Prezident təqaüdçüsü : "Ən böyük arzum Kimya mühəndisliyi sahəsində beynəlxalq top onluqda adımın yer almasıdır"

     Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Mirkazım Ağayevdir. O, 685,4 balla “Kimya mühəndisliyi” ixtisasına qəbul olub.

 

     Mirkazım Ağayev 2002-ci il ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. O, 2008-2014-cü illərdə Lənkəran rayonu, 1 saylı Boladi kənd məktəbində, 2014-2018-ci illərdə İstək liseyində təhsil alıb. Lisey bağlanandan sonra 11-ci sinfi Lənkəran rayonu, 2 saylı  Boladi kənd məktəbində bitirib. O, şagirdlər arasında sosial fəallığına görə fərqlənib: inşa müsabiqələrində, idman yarışlarında seçilərək sertifikatlar alıb. Eyni zamanda respublika fənn olimpiadalarında aktiv iştirak edib. Doqquz dövlətin  gənc istedadları arasında fizika, kimya, riyaziyyat fənləri üzrə keçirilmiş Olimpiadada fərqlənərək bürünc medalla təltif olunub. 11-ci sinifdə Lənkəran Dövlət Universitetinin Cənub zonasında təşkil etdiyi Olimpiadada riyaziyyat fənni üzrə qızıl medal qazanıb.

 

  • Qəbul imtahanını necə xatırlayırsız?

 

       Bütün abituriyentlər kimi məndə də bir az həyəcan olub, amma bazası yaxşı qoyulmuş uşaqların həyəcanı tez keçir, sınaq imtahanlarında da iştirak etmişdim deyə 3 saatı idarə etməkdə çətinlik çəkmədim.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

 

 

        Düzünü desəm, uşaqlıqdan arzuladığım xüsusi ixtisas olmayıb. Məktəbin son siniflərində hansısa sahəni seçmək lazım idi, mənə yaxın olan I qrup idi. Həm də araşdıranda gördüm ki, ölkədə mühəndislik sahəsi üzrə kadr çatışmazlığı var. Mühəndislik sahəsi elit və universal sahədir, kimya elminə marağıma görə Kimya mühəndisliyi ixtisası üzərində dayandım.

 

  • Bəs, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

 

 

        Orta təhsil müddətində nəinki dünyagörüşüm inkişaf edib, yaxşı təhsil mühiti görmüşəm, eyni zamanda burada ölkənin prestijli ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi haqqında da eşitmişəm, eləcə də internetdən də BANM-lə bağlı araşdıraraq, məlumat əldə etmişəm.

 

  • Niyə məhz BANM-i seçdiniz?

 

            Rayondan gələn şagirdlər üçün çox şey çətindir, Bakıda qalmağa evim yoxdur, maddi imkanım güclü deyil, xaricə getmək imkanlarım hələ ki məhduddur. Həm seçdiyim Kimya mühəndisliyi ixtisası üzrə ən yaxşı təhsilə görə, həm iş imkanlarına görə, həm sosial bacarıqların inkişafı üçün yaradılmış şəraitə görə, həm də yataqxanası olduğu üçün Bakı Ali Neft Məktəbi mənə ən uyğun seçim idi.  

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

 

          11-ci sinifdə məqsəd qoydum ki, 600-700 civarında bal yığmalı və Kimya mühəndisliyinə qəbul olmalıyam. Məqsədə çatmaq üçün bütün günü oxumurdum. Ən vacib məsələ, vaxtı düzgün bölməkdir: oxumaq və istirahətimlə bağlı balansa fikir verirdim, gün ərzində ortalama 6 saat oxumağa ayırırdım, normal yuxu rejimimə nəzarət edirdim, sosial həyatdan qopmurdum, sevdiyim məşğuliyyətlərə, idmana vaxt ayırırdım. Beləcə, hədəfimə çatdım.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiniz?

 

         Anam İKT sahəsi üzrə müəllimədir, atam ali təhsilli iqtisadçıdır. Qardaşlarım məndən böyükdür, biri İtaliyada dünya iqtisadiyyatı üzrə magistratura təhsili alır, digəri də Bakıda iqtisadiyyat sahəsi üzrə oxuyur. Gözümü savadlı ailədə açmışam, təbii ki təhsilli olmağımda onların danılmaz əməyi olub. Anam və atam sənədlərimi kimya mühəndisliyi sahəsinə vermək istəyimi ilk dəfədən isti qarşılamamışdı. Bu məsələdə ən çox qardaşlarımın dəstəyi olub, anam və atamı da onlar yola gətirib.

 

  • Ən böyük arzunuz?

 

          İnsan kimi çox şöhrətpərəstəm. İstəyirəm ki, sahəmin ən yaxşılarından olum. Ən böyük arzum dünyada Kimya mühəndisliyi sahəsində adımın top onluqda yer almasıdır. Hələlik bu, arzudur, bununçün çox çalışmaq lazımdır.

 

  • Hobbiləriniz nədir?

 

          Ən sevimli hobbim idman yarışlarını izləməkdir. Xüsusilə də futbola baxmaq mənə zövq verir. Böyük Britaniyanın “Liverpul” komandası ən sevimli futbol klubumdur. Qırmızı rəngi də məhz bu kluba görə sevmişəm.

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

 

         Genetika mühəndisliyi mənə maraqlı gəlir. Bir də atom-nüvə fizikası sahəsində biliklərimi dərinləşdirmək istərdim.

 

  • Hansı janrda kitablar oxuyursuz?

 

          Ardıcıllıqla düzsək, bədii ədəbiyyat, detektiv və elmi kitablar oxumağı sevirəm. Bədii ədəbiyyatda Jül Vern ən sevimli müəllifimdir. Digər janrlarda sevimli müəllifim yoxdur, əlimə hansı kitab düşür zövq alaraq oxuyuram.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

          Hələlik hədəfim odur ki, Bakı Ali Neft Məktəbini birinciliklə bitirim və adım o məşhur, simvolik kötüyə həkk olunsun. Daha sonra xarici dilləri, hər qitədən bir dili öyrənmək istəyirəm. Çünki yüksəkixtisaslı mütəxəssis olmaq üçün, sadəcə kimya mühəndisliyini yaxşı bilmək yetərli deyil.