AZ / EN / RU
Prezident təqaüdçüsü: "Ailəm uğurlarımın təməlində ən önəmli rol oynayır"

           Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Fazil Səfərovdur. O, 689,8 balla “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub.

 

           Fazil Səfərov  2003-cü ildə Zaqatala şəhərində anadan olub. O, 2008-2019-cu illərdə Şıxəli Qurbanov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. Oxuduğu məktəbi əlaçı kimi fərqlənmə attestatı ilə bitirib.

 

  • Qəbul imtahanını necə xatırlayırsız?

 

  • Bu il qəbul imtahanı yeni üsulla keçirildi, əsasən buraxılış və qəbulda yığdığımız bal bizim ümumi qəbul balımız sayılırdı. Yeni tipli suallar var idi deyə buraxılış imtahanı zamanı xeyli həyəcanlı idim, daha sonra özümü ələ alıb suallara cavablandırdım. Qəbul imtahanında həyəcanım sual kitabçaları paylanana qədər idi, sualları görəndə həyəcanı unutdum. Əsas məsələ odur ki, istədiyim ixtisasa – Proseslərin avtomatlaşdırılması mühəndisliyinə qəbul oldum.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

 

 

  • Məktəbli vaxtlarından riyaziyyat, fizika, mexanika və robotexnikaya həvəs göstərirdim, bu sahələri araşdırırdım. İndiki ixtisasım olan Proseslərin avtomatlaşdırılması mühəndisliyi isə həm fizika, həm robotexnika, həm də informasiya texnologiyalarının idarə olunması ilə bağlıdır.  

 

  • BANM haqqında harada məlumat əldə etmişdiniz?

 

 

  • Bir neçə il əvvəl məktəbimizin şagirdi Fərid Mustafayev Bakı Ali Neft Məktəbinə daxil olmuşdu, ilk dəfə BANM haqda məktəbdə eşitmişdim. Mən də o zamandan bəri BANM-lə maraqlanırdım və bu Ali Məktəbə qəbul olmağı  hədəfləmişdim.

 

  • Niyə məhz BANM-i seçdiniz?

 

 

  • BANM haqqında araşdıranda üzə çıxardım ki, dərslər yüksək tələbkarlıqla keçilir, bir də əlavə 1 il Foundation var, burada tələbələr öncə ingilis dili biliklərini təkmilləşdirib daha sonra ixtisas dərslərinə buraxılırlar. Bununla yanaşı, tələbələrin aktiv və savadlı olması üçün müxtəlik imkanlar yaradılır. Bütün bunlar seçimimi qətiləşdirməyə gətirib çıxardı.
     

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

 

 

  • Əsasən özüm üçün aylıq hədəflər qoyurdum, onlara çatmaq istiqamətində çox çalışırdım. Rejimimi elə qurmuşdum ki, həm oxuyurdum, həm də istirahət edirdim, bütün bunlar məni hədəfimə bir az da yaxınlaşdırdı.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?

 

 

  • Ailədə dörd nəfərik: anam, atam, qardaşım və mən. Ailəm uğurlarımın təməlində ən önəmli rol oynayır. Belə ki, hələ ibtidai sinifdən anam müəlliməmizlə yanaşı, məni çox öyrədib. Qəbul imtahanları zamanı ailəmin dəstəyi olmasa, bura qədər gələ bilməzdim.

 

  • Ən böyük arzunuz?

 

 

  • Əslində arzularım çoxdur. Əsasən arzularımı hədəflərə çevirən və onlara çatmağa çalışan adamam. Hələlik ən önəmli arzum BANM-dəki ixtisasım üzrə peşəkar olmaqdır.

 

  • Hobbiləriniz nədir?

 

 

  • Hobbilərim əsasən mütaliə etmək, şahmat, basketbol, stolüstü tennis oynamaq, klassik və cazz janrında musiqilər dinləmək, eləcə də futbola, basketbola baxmaq və yeni maraqlı hadisələri, kəşfləri araşdırmaqdır.

 

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

 

  • Maşınlar sahəsinə xeyli maraq göstərmişəm. Bir müddət onların istehsalı və fizika ilə olan bağlılığını araşdırmışam.

 

  • Hansı janrda kitablar oxuyursuz?

 

 

  • Əsasən, dedektiv janrında kitablar oxuyuram. Ən sevimli yazıçım Aqata Kristidir. Lakin paralel olaraq Viktor Hüqo, Mixail Lermontov, Markus Zusak, Aleksandr Belyayev, Çingiz Abdullayev, Ser Artur Konan Doyl kimi yazıçıların əsərlərini də oxumuşam.

 

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

            Hələlik  indiki hədəfim BANM-dəki beş illik tələbəlik illərini əlaçı tamamlamaq və sonrakı təhsilimi xaricdə davam etdirməkdir.