AZ / EN / RU
Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin 1-ci kurs tələbələri ilə görüşüb

           Bakı Ali Neft Məktəbinin (BANM) rektoru ilə yeni qəbul olmuş 1-ci kurs tələbələrinin görüşü keçirilib. Görüşdə  BANM-in rektoru Elmar Qasımov tələbələrin hər biri ilə yaxından tanış olaraq onlara dövlətin təhsil siyasəti, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin gənclərə qayğısı, Ali Məktəbin uğurları, təlim-tədris prosesi haqqında ətraflı məlumat verib.

 

           Ölkə gənclərinin vətənpərvər ruhda yetişməsində, yüksək səviyyədə təhsil almasında dövlətin gənclər siyasətinin xüsusi önəmini vurğulayan rektor onları da ilk növbədə  layiqli vətəndaş olmağa çağırıb.  

 

            Eyni zamanda, ölkədəki təbii sərvətlərin insan kapitalına çevrilməsi istiqamətində ciddi işlər görüldüyünü qeyd edən E.Qasımov tələbələrə öz elmi potensiallarını respublikanın inkişafı naminə istifadə etməyi tövsiyə edib.

 

            Rektor gənclərin milli-mənəvi dəyərlərə ehtiramla yanaşmalarının, BANM tələbələrinin öz ixtisasları ilə yanaşı, ana dilini, ölkənin tarixini, mədəniyyətini də dərindən öyrənmələrininin vacibliyini bildirib. O, BANM-də tələbələrə asudə vaxtlarını səmərəli keçirmələri, müasir texnologiyadan yararlanmaları, həyata keçirilən əhəmiyyətli layihələrdə fəal iştirak etmələri üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb.

 

            Daha sonra, tələbələrin müxtəlif mövzular üzrə sual, müraciət və təklifləri dinlənilib.

 

            Bütün tələblərin sualları rektor tərəfindən ətraflı cavablandırılıb.

 

            Qeyd edək ki, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərərək bakalavr pilləsi üzrə 179 nəfər Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Onlardan 17 nəfəri müxtəlif xalqlara mənsub əcnəbi tələbələrdir. Cari tədris ilində 23 nəfər BANM tələbəsi Prezident təqaüdünə layiq görülüb ki, bu da I ixtisas qrupu üzrə ən yüksək göstəricidir.