AZ / EN / RU
Prezident təqaüdçüsü : "Ən böyük arzum "Microsoft" şirkətində çalışmaqdır"

          Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Nigar Nəcəflidir. O, 680,3 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.

 

       Nigar Nəcəfli  2002-ci il ildə Sumqayıt şəhərində anadan olub. O, ibtidai sinfi 2008-2012-cü illərdə Sumqayıt  şəhəri, 31 saylı tam orta məktəbdə, yuxarı sinfi 2012-2019-cu illərdə Təbiət Elmləri Təmayüllü Gimnaziyada oxuyub. Gimnaziyanı fərqlənmə attestatı ilə bitirib. Məktəb illərində müxtəlif fənn olimpiadalarında iştirak edib. Sumqayıt Şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində xareoqrafiya üzrə dərslər alıb.

 

  • Qəbul imtahanını necə xatırlayırsız?

Qəbul imtahanı günü hava çox isti idi, bir tərəfdən də həyəcan adamın ürəyini lap sıxırdı. İlk 15 dəqiqə sonra həyəcanı unudub diqqətimi suallara verməyə başladım.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

Mən 700 bal yığmaq eşqi ilə yaşayırdım, hətta 10-cu sinifdə araşdırmışdım, 700 bal yığmış uşaqlarla da danışmışdım, I qrup üzrə ən prestijli və lazımlı sahə “İnformasiya təhlükəsizliyi” ixtisası idi, ona görə məqsəd qoydum ki, mən də “İnformasiya təhlükəsizliyi” ixtisasında oxumalıyam.

 

  • Bəs, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

BANM haqqında ilk dəfə oxuduğum gimnaziyada eşitmişdim, oradakı uşaqların çoxu BANM-da oxumağa hazırlaşırdı.

 

  • Niyə məhz BANM-i seçdiniz?

Araşdıranda buradakı yaxşı təhsil imkanları, ixtisasıma uyğunluğu, BANM məzunlarının işlə təminatı ilə bağlı məlumatlar topladım, bunlar qərar verməyimə təsir etdi.

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

Düşünürəm ki, yüksək balla istədiyin ixtisasa qəbul olmaq üçün gecə-gündüz oxumaq çıxış yolu deyil. Məktəb illərindən baza yaxşı qoyulmalıdır ki, hazırlıq vaxtı insana çətinlik olmasın. Hədəfə gedən yolda planlı və sistemli çalışmaq vacibdir, oxumaqla paralel, istirahətə də vaxt qalmalıdır, yuxu rejiminə də fikir vermək lazımdır.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?

Ailəm həm təhsilimdə, həm insan kimi formalaşmağımda həmişə mənə dəstək olmağa çalışıb. Ailədə 5 nəfərik, anam, atam, bacım, qardaşım və mən. Atam kimyaçıdır, qardaşım elektrik mühəndisi, bacım mühasib, anam evdar qadındır. Bizim ailədə dəqiq fənlərə sevgi yüksək səviyyədə olub, bu sevgi mənə də keçib, xüsusilə, riyaziyyatı sevirəm.

 

  • Ən böyük arzunuz?

Ən böyük arzum “Microsoft” şirkətində çalışmaq və İsveçrənin gözəl təbiətini görməkdir.

.

  • Hobbiləriniz nədir? 

Boş vaxt tapanda kitablar oxumaq, musiqi dinləmək və rəqs etməkdən zövq alıram.

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiniz?

Hüquq sahəsinə marağım var. Hüquqşünaslara pərəstiş edirəm, onlar çox çalışır, güclü məntiqləri olur, istərdim ki, bir az da bu sahədə bilgilərimi dərinləşdirim.

 

  • Hansı janrda kitablar oxuyursunuz?  

Əsasən detektiv və dram janrını özümə yaxın hesab edirəm. Aqata Kristi ən sevimli detektiv müəllifimdir, onun kitabları hər zaman adamı həyəcan və maraqda saxlayır. Dram janrında ən sevdiyim müəllif Xalid Hüseynidir, xüsusilə “Çərpələng uçuran” əsərini sevirəm.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

Qarşımdakı 5 ildə əsas hədəfim ingilis və rus dili vərdişlərimi inkişaf etdirmək, ixtisasımı əla bilməkdir. Gələcəkdə IT sahəsində ən yaxşı təhsil verən ölkələrdən birinə - ABŞ-a magistratura təhsilinə getmək və “Microsoft” şirkətində çalışmaq şansımı artırmaq istəyirəm.