AZ / EN / RU
"Qazprombank"ın birinci vitse-prezidenti Iqor Turuyev Bakı Ali Neft Məktəbində master-klass keçib

        Rusiyanın dövlət bankı “Qazprombank”ın birinci vitse-prezidenti və Daxili Audit Departamentinin müdiri İqor Turuyev  Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə olunması üzrə Tədris Mərkəzinin “Professional biznes müzakirələri” adlı sessiyaları çərçivəsində MBA tələbələrinə “Beynəlxalq bank sistemində innovativ texnologiya və yeni məhsullar” mövzusunda master-klass keçib.

 

        Master-klass zamanı cənab Turuyev BANM tələbələrinə bank sektorundakı 20 illik fəaliyyətinə nəzər salaraq, çağdaş zamanda banka olan yanaşmalardan, eləcə də, beynəlxalq bank sisteminin yeni trendlərindən söhbət açıb. O, bildirib ki, artıq ənənəvi bank anlayışı getdikcə rəqəmsal bank anlayışı ilə əvəzlənir.

 

      İqor Turuyev innovativ texnologiyaların müasir zamanda banklar üçün əhəmiyyətindən də bəhs edərək bildirib ki, bu cür bankların müştəriləri kimdir, haradadır, niyə bu cür banklara ehtiyac var, innovativ bank xidmətləri və məhsulları anlayışı, eləcə də, banklarda innovativ texnologiyaların müsbət məqamları və riskləri kimi məsələlərə də aydınlıq gətirib. 

 

       “Müasir zamanda internet həyatımıza gələndən bəri, getdikcə bütün biznesin artıq online sistemə keçidini görürük. Təbii ki bank sistemi də bundan kənarda qala bilməz. İnsanlar artıq vaxtlarını daha ağıllı idarə etmək üçün hər şeyi online formada etməyə üstünlük verir. İnternetin, smartfonların aktiv istifadə edildiyi zamanda, bankların innovativ texnologiyalardan geri qalması müştərilərin itirilməsi deməkdir. İndiki çağda bank məcburdur ki, müasir müştərinin ehtiyaclarını öyrənsin və tətbiq etsin” - deyə İqor Turuyev qeyd edib.

 

        Sonda Iqor Turuyev MBA tələbələrini maraqlandıran sualları cavablandırıb və rektor Elmar Qasımova Ali Məktəbdə sessiya üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib.

 

         Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi “İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərir və tez-tez “Professional biznes müzakirələri” (“Professional Business Talks”) adlı sessiyalar təşkil edir. Bu cür sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların  rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır.