AZ / EN / RU
Prezident təqaüdçüsü : "Ən böyük arzum Azərbaycanı xaricdə uğurla təmsil etməkdir"

    

               Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Eşqin Həsənovdur. O, 675 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.

       Eşqin Həsənov 2002-ci il ildə Tovuz rayonunda anadan olub. O, 2008-2017-ci illərdə Tovuz rayonu, Dondar Quşçu kənd tam orta məktəbində, 2017-2019-cu illərdə Tovuz şəhəri, A.S.Puşkin adına tam orta məktəbdə təhsil alıb.

 

  • Qəbul imtahanını necə xatırlayırsınız?

Attestat imtahanının nəticələri qəbul imtahanına təsir edəcəyi üçün o, mənim üçün daha həyəcanlı idi. Qəbul imtahanı daha rahat keçdi. 

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

Filmlərə, xəbərlərə daha çox baxaraq informasiya təhlükəsizliyi sahəsinə həvəsim yaranıb və o vaxtdan bu sahə diqqətimdə olub.

 

  • Bəs Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

Bakı Ali Neft Məktəbi haqqında ilk dəfə yaxın qohumlardan eşitmişdim. Daha sonra hazırlıqda tanıdığım dostlar, ətrafımdakı tanışlar da tez-tez Ali Məktəb barədə danışırdılar.

 

  • Niyə məhz BANM-i seçdiniz?

BANM-in həm təhsil səviyyəsi yüksəkdir, həm də ilk kursdan IELTS imtahanı keçirilir və sertifikatı verilir. Bütün bunlar məni BANM-i seçməyimə təsir elədi.

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

Qarşıma ciddi məqsəd qoymuşdum ki, BANM-in informasiya təhlükəsizliyi ixtisasına qəbul olum. Xüsusilə son üç ildə daha ciddi çalışıb hədəfimə çatdım.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiniz?

Ailəm həm maddi, həm mənəvi cəhətdən həmişə mənə dəstək olub. Eyni zamanda ailə üzvlərim seçdiyim ixtisasa daha həvəs yaradıblar.

 

  • Ən böyük arzunuz?

Təhsilimi bitirəndən sonra ən böyük arzum yaxşı iş tapıb Azərbaycanı həm ölkə daxilində, həm də xaricdə uğurla təmsil etməkdir.

 

  • Hobbiləriniz nədir?

Musiqi ilə məşğul olmaq, roman oxumaq, kompüter oyunları oynamaq əsas hobbilərimdəndir.

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiniz?

Daha çox incəsənət, xüsusilə təsviri incəsənətə marağım var.

 

  • Hansı janrda kitablar oxuyursunuz?

Roman janrında kitablar oxumaq daha çox xoşuma gəlir.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

İndi I kursdayam, hələlik əsas hədəfim IELTS sertifikatı alıb II kursa keçməkdir. Növbəti hədəfim təhsili uğurla bitirib yay məktəblərinə qəbul olmaq, daha sonra  xaricdə magistratura təhsili almaqdır.