AZ / EN / RU
Prezident təqaüdçüsü: "Mənim arzularımdan çox hədəflərim var"

              Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Qəhrəman Kazımlıdır. O, 678.7 balla “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub.

 

             Qəhrəman Kazımlı 2002-ci ilin 1 yanvar tarixində anadan olub. O, Akademik Zərifə Əliyeva adına liseydə təhsil alıb.

 

             6 yaşından şahmatla peşəkar səviyyədə məşğuldur. Beynəlxalq yarışlarda kapitan kimi iştirak edən Qəhrəman Kazımlının şahmat üzrə I dərəcəsi var.   

 

  • Qəbul imtahanını necə xatırlayırsız?

            Həyəcanlı deyildim. Biliyimə çox güvənirdim. Çox dərs oxumağı sevmirdim. Sadəcə yaddaşım və intuisiyam mənə qəbul imtahanlarında kömək etdi.Qəbul imtahanı günü  imtahan zalında hərarət yüksək idi. Aşağı mərtəbə olduğuna görə kənar müdaxilələr olmasın deyə pəncərələri kilidləmişdilər. Bu da istilik yaradırdı. Rus bölməsini bitirdiyim üçün buraxılış imtahanlarını  rus dilində imtahan verirdim. Rus dilindən açıq suallar çox çətin idi. Qalan fənnlərdən təkcə fizikadan 1 sualı yazmamışdım.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

           Babam uzun illər neft şirkətində çalışdığından marağım böyük idi. Sadəcə Proseslərin avtomatlaşdırılması mühəndisi ixtisasını seçməyimə səbəb gələcəyin ən yaxşı ixtisasının olduğunu düşünməyimdir.

 

  • BANM haqqında harada eşitmişdiniz?

           BANM haqda hər yerdə - daha çox sosial şəbəkələrdən eşitmişdim. Burada dostlarım da oxuyur. Onlardan çox müsbət fikirlər eşitdim. Və bundan sonra bu ali məktəb haqda maraqlanmağa başladım.

 

  • Niyə məhz BANM-i seçdiniz?

           BANM-də təhsil çox güclüdür. Gələcək üçün böyük perspektivlər verir.  Mükəmməl karyeraya sahib olmaq şansım var. BANM-in partnyorları olan nüfuzlu transmilli şirkətlərlə məzunların haralarda çalışdığını gördüm.  Ən yüksək ballı tələbələrlə oxumaq mənimçün əlavə motivasiyadır. Hamı eyni səviyyədə olanda rəqabət də güclü olur. 

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

           Daha çox dərslərdə müəllimlərimə qulaq asırdım. Dərs materiallarını öyrənmək elə də çətin deyildi. Evdə azacıq çalışmaq lazım olurdu . Ancaq əsas məktəbdə öyrəndiklərim kömək oldu.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiniz?

          Ailəm seçimimə hörmət elədi və məni dəstəklədi. Dediyim kimi babamın neftçi olması ailədə onun davamçısının olacağını dəqiqləşdirdi.  Bu qərarı və məhz BANM tələbəsi olmaq qərarını ailəmizlə birgə qohumlarımız tərəfindən də əla qarşılandı.

 

  • Ən böyük arzunuz?

           Mənim arzularımdan çox hədəflərim var. Reallaşmasını hədəflədiyim arzular deyək. Xarici ölkələrin birində magistratura təhsilimi davam etdirərək daha da peşəkar olmaq istəyirəm.

 

  • Hobbiləriniz nədir?

           Hobbim müxtəlif idman növlərilə idmanla məşğul olmaq və oçerk formatında olan əsərləri oxumağı çox sevirəm.

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiniz?

           İdmanla məşğulam. 6 yaşımdan şahmatla peşəkar səviyyədə məşğulam. I dərəcəm  var.  Beynəlxalq yarışlarda kapitan kimi iştirak etmişəm.  Məktəbimiz respublika birincisi olmuşdu. Ən çox sevdiyim şahmatçı isə Magnus Carlsen-dir.

Bundan başqa futbola həvəsim böyükdür və bununla da məşğulam.  Dərslərin çoxluğundan biraz idmana ara vermişdim. Maraqlarım daha çox hüquq elminədir.  Uşaqlıqda vəkil olmaq istəyirdim. Hətta uşaqlığımı keçirdiyim Rusiyanın konstitusiyasını əzbər bilirəm.  İndi də marağım çoxdur.

 

  • Hansı janrda kitablar oxuyursuz?

           Daha çox bioqrafiya kitablarını sevirəm. Stiv Cobsun və Bencamin Franklinin bioqrafiyası məni valeh edib. Bundan başqa Amazon-un CEO-su Cak Ma haqda çəkilən  sənədli filmlərini izləyirəm.  Klassik əsərlərdən Anna Karenina favoritimdir. Bundan başqa Dostayevskinin əsərlərini sevirəm.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

             Təhsil alacağım 5 ili peşəkar səviyyədə mütəxəssis olmaq dil biliyimi genişləndirmək və xaricdə təhsilimi davam etdirmək əsas hədəflərimdir. Bu hədəfimə çatmaq üçün gecə gündüz çalışacağam.