AZ / EN / RU
Prezident təqaüdçüsü: "I qrup üzrə ən uğurlu ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbidir"

               Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Məzahir Məmmədovdur. O, 683.2 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.

 

            Məzahir Məmmədov 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, Xətai rayonu, İ.Məmmədov adına 261 saylı Məktəb-Liseyi bitirib.

 

  • Qəbul imtahanını necə xatırlayırsınız?

              İmtahandan öncə hər şey çox stressli gəlirdi, ancaq imtahanın hər iki mərhələsi o qədər də həyəcanlı olmadı. İmtahan nəticələrini gözləmək, imtahanın özündən daha həyəcanlı idi.

 

  • Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

 

Qohumlarımdan Bakı Ali Neft Məktəbində oxuyanlar var idi, eləcə də BANM-də oxuyan digər tələbələrdən də tez-tez buradakı yaxşı təhsil haqqında eşidirdim.

 

  • Niyə məhz BANM-i seçdiniz?

 

Yaxın qohumum qəbul olandan sonra özüm də internetdə Bakı Ali Neft Məktəbinin saytını və sosial şəbəkələrdə səhifələri araşdırmağa başladım, ixtisasım üçün ən uğurlu ali təhsil müəssisəsi BANM olduğu üçün seçimim bu istiqamətdə oldu.

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

          Həddindən artıq dərs oxumurdum, qavrama qabiliyyətim yaxşı olduğu üçün fənləri dərs vaxtı mənimsəyirdim. Sosial həyatıma da vaxt ayırırdım, oyun da oynayırdım, filmə də baxırdım, dostlarımla zaman da keçirirdim. Açığı, müəllimlərim də çox savadlı idi, bütün bunlar mənə hədəfimə çatmaqda yardımçı oldu.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiniz?

           Əvvəllər dərslərimi yaxşı oxumurdum, sonra bacımla birgə hazırlıq mərkəzinə yazıldıq, o, IV qrupa, mən də I qrupa hazırlaşırdım. Onun xüsusi dəstəyi oldu, çətinliyim olanda bacımdan kömək istəyirdim. Son sınaq imtahanlarda yaxşı bal toplayırdım, yekun nəticəm də yaxşı oldu. Açığı, əvvəllər mənə desəydilər ki, Prezident təqaüdü qazanacağam, yəqin ki inanmazdım. Ailəmin dəstəyi və mənə inamı şübhəsiz çox vacib rol oynadı.

 

  • Ən böyük arzunuz?

       Hələ ki ən böyük arzum özümü xoşbəxt hiss edəcəyim iş tapmaqdır.

 

  • Hobbiləriniz nədir?

        Filmlərə baxmağı, kompüterdə oyunlar oynamağı sevirəm, bir də internetdə komikslər oxumağı, karikaturalara baxmağı  xoşlayıram.

 

  • Hansı janrda kitablar oxuyursunuz?

Çox kitab oxumuram, oxuyanda da ən çox detektiv janrda əsərləri seçirəm.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

        Hələ ki beş il müddətində dərslərimi yaxşı oxumağı, imthanlardan yüksək bal toplamağı və ali təhsilimi yüksək nəticələrlə başa vurmağı düşünürəm. Digər məsələləri həyatın axarına buraxmışam.