AZ / EN / RU
Bakı Ali Neft Məktəbində MBA dərsləri praktiki təqdimatla keçirilib

                Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzinin proqramı çərçivəsində “Maliyyənin idarə olunması”  fənnində tələbələr dərs tapşırığını praktiki təqdimatla təhvil veriblər.

 

              Ali Məktəbdə  “Maliyyənin idarə olunması” modulunu tədris edən “Kinetics Technology” (KT) şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Niccolò Heilpern bu cür tapşırıqların MBA-da təhsil alan tələbələrin biznes bacarıqları, tənqidi düşüncə, ünsiyyət, liderlik və digər qabiliyyətlərinin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb.

 

               Niccolò Heilpern modul çərçivəsində tələbələr üçün bir neçə praktiki biznes-keys bölüşüb. Müxtəlif şirkətlərdə iqtisadi və maliyyə analizlərinin necə aparıldığını və analizlərin nəticələrinin necə tətbiq edildiyini tələbələrlə birgə müzakirə edib.

 

               Fənn tapşırığına əsasən tələbələr mini qruplara bölünməli, hər bir mini-qrup tərkibində 4-5 nəfər olmaqla bir şirkəti seçməli və komanda həmin şirkətin SWOT, iqtisadi, maliyyə, rəqib şirkətlərin göstəriciləri və marketinq analizlərini apararaq təqdimat etməli idilər.

 

                Komandalar analizlərdən sonra təqdimatı qeyri-adi formada ediblər. Məsələn İsveçrənin “Novartis” əczaçılıq şirkətini seçmiş tələbələr qrupu mini laboratoriya quraraq ağ xalatda, “Schlumberger” şirkətini xüsusi geyim dəsti və kaskada təqdimat ediblər.

 

                Niccolò Heilpern bildirib ki, bu cür praktiki metodlarla tələbələr özlərini sahədə və işin adamı kimi hiss edir və bu cür yanaşma nəticəsində tələbələr səhvlərini daha aydın görə və nəticə çıxara bilirlər.

 

                Bakı Ali Neft Məktəbinin Biznesin İdarə olunması üzrə Tədris Mərkəzi “İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərir və Tədris Mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə uyğundur. Proqramı tədris edən müəllimlər SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir.