AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri "Huawei" şirkətinin "Gələcək üçün toxumlar" qlobal mübadilə proqramında iştirak edib

       Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi Çinin “Huawei” şirkətinin təşkil etdiyi  İKT sahəsi üzrə “Gələcək üçün toxumlar” (“Seeds for future”) adlı qlobal və qabaqcıl mübadilə proqramında iştirak edib.

 

       BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Tapdıq Məhərrəmli və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Fərid Həmidov digər seçilmiş tələbələr kimi iki həftəlik proqram çərçivəsində Çinin Pekin və Şenjen şəhərlərində olublar.

 

        Proqramın ilk həftəsində tələbələr paytaxt Pekində çin dilinin ilk anlayışları və çin kalliqrafiyası kurslarında iştirak edib, daha sonra şəhərin tarixi abidələrini ziyarət ediblər. Proqramın ikinci həftəsində tələbələr Şenjen şəhərində Huawei şirkətinin kampusunda yerləşdirilib. Onlar həmçinin Huawei Universiteti və ya Huawei Təlim Mərkəzi adlanan binada Mobil Şəbəkə, Sabit Şəbəkə, “Əşyaların interneti” və 4G/5G texnologiyası ilə bağlı mühazirələrində iştirak ediblər. Proqramın son iki günündə tələbələr 4G və 5G stansiyaları konfiqurasiya edilən laboratoriyada olublar və praktiki təlim keçiblər.

 

        Proqram çərçivəsində tələbələr İKT sahəsinin lider tələbələri ilə şəbəkələşmək imkanı da əldə ediblər. Səfər boyu tələbələrə təyin olunmuş tur və proqram menecerləri bələdçilik edib və tələbələrin səyahət, yemək və qalmaq xərcləri proqram tərəfindən qarşılanıb.

 

       “Huawei” şirkəti bu ilin sentyabrında İKT sahəsi üzrə “Gələcək üçün toxumlar” (“Seeds for future”) adlı qlobal və qabaqcıl mübadilə proqramında iştirak etmək üçün müsabiqə elan edib. Proqramda iştirak etmək üçün tələbələr İKT sahəsinə dair 500 sözlük esse yazmalı və özləri haqqında 2 dəqiqəlik video təqdimat hazırlamalı idilər. Seçilmiş 10 tələbə 2 həftəlik Çinə səfər etmək, eləcə də İKT sahəsi ilə bağlı yeni bilik və bacarıqlar əldə etmək hüququ əldə edib.

 

       “Huawei” şirkəti telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında ixtisaslaşmış Çinin transmilli özəl şirkətidir.

 

       2008-ci ildə şirkətin təşəbbüsü ilə yaradılmış İKT sahəsi üzrə “Gələcək üçün toxumlar” (“Seeds for future”) adlı qlobal və qabaqcıl mübadilə proqramında indiyədək dünyanın  350 universitetindən 30.000-dən çox tələbə iştirak edib.